Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğuna əminliyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, o, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Cənubi Qafqazda mühüm və müsbət proseslərin baş verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülh İrəvanla Moskva arasında ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır.
Ermənistanın hökumət başçısı, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün artıq reallaşdığını hesab etdiyini bildirib və dəmir yolu əlaqəsinin bərpa olunmasına diqqət çəkib. “Düşünürəm ki, bu, həqiqətən tarixi hadisədir. Sizin də qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”, – deyə o əlavə edib.
N.Paşinyan, eyni zamanda, Ermənistanın ABŞ ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə apardığı ikitərəfli danışıqların konstruktiv xarakter daşıdığını bildirib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi Ermənistan–Rusiya münasibətlərinə dair bir sıra məqamlarla bağlıdır və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti ilə baş tutan görüşün bütün bu məsələlərin müzakirəsi üçün yaxşı fürsət olduğunu vurğulayıb.

