Oktyabrın 30-da Bakıda Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (“Medinex 2025”) açılış mərasimi keçirilib.
Açılış mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov sərginin Azərbaycanda keçirilməsinin çox yaxşı ənənəyə çevrildiyini deyib. O, eyni zamanda bildirib ki, gələcəkdə məqsəd ambulator müalicədə olan xəstələrin də dərman preparatları ilə təmin olunmasıdır. “Bu sahədə məqsədyönlü, ardıcıl iş aparılır və nəticələri yaxın gələcəkdə daha aydın görünəcək”, - deyə o diqqətə çatdırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda son illər səhiyyə sahəsində geniş islahatların həyata keçirildiyinə diqqət çəkib: “Bu islahatların nəticəsi olaraq, artıq hər il 5 milyondan çox vətəndaş icbari tibbi sığortadan yararlanır”.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılır, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda səhiyyə sahəsində son illər aparılan islahatların xidmətlərin keyfiyyətinin artırılmasına, əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin daha əlçatan olmasına yönəldiyini diqqətə çatdırıb. O qeyd edib ki, “Medinex 2025” sərgisi bu baxımdan çox vacib platformadır.
“Caspian Event Organisers”in Baş direktoru Fərid Məmmədov isə “Medinex” sərgisinin artıq regionun tanınmış səhiyyə platformalarından birinə çevrildiyini deyib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    