Oktyabrın 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib.
Məqsəd əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.
Sammitdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf siyasətinin mərkəzində məhz insan amili, onun bilik və bacarıqları dayanır. O, gələcəyin peşələrinin artıq bu gündən formalaşdığını, bu baxımdan, muxtar respublikada təhsil, biznes və dövlət sektorunun sıx əməkdaşlığı sayəsində yeni istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə mühüm addımlar atılır.
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, süni intellekt 4-cü sənaye inqilabının ən yeni çağırışıdır. O vurğulayıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi bu çağırışlara cavab verməklə gələcəyin ixtisaslı kadr potensialını gücləndirməyə xidmət edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov tədbirdə çıxış edərək bildirib ki, gələcəyin peşələri özəl sektor üçün, sadəcə, insan resursu deyil. Onlar şirkətlərin innovasiyaya yönəlmiş strategiyasının mərkəzində dayanır.
Tədbir “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi ilə davam edib.
XQ


 
                                
 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    