Brifinqdə faktlar və ekspertiza nəticələri açıqlandı

post-img

İyulun 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki azərbaycanlının — Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Yekaterinburqda xüsusi amansızlıqla qətlə yetirilməsi faktı üzrə cinayət işi başladığını açıqlayıb. Hadisə ilə bağlı ilkin istintaq materialları və mediada yayılan məlumatlar əsasında genişmiqyaslı araşdırma aparılır.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun bu gün keçirilən brifinqdə verdiyi məlumata görə, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsi, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu tədbirlər zamanı müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycanəsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etməkdə şübhəli bilinərək saxlanılıblar.

Nemət Əvəzov bildirib ki, saxlanılan şəxslərə — o cümlədən Səfərov qardaşlarına qarşı əməliyyat qurumlarının əməkdaşları tərəfindən saxlanma zamanı və sonrakı mərhələlərdə bərk küt alətlərlə çoxsaylı zərbələr endirilib. Onlar həm nəqliyyat vasitələrində, həm də inzibati binalarda işgəncələrə məruz qoyulub, nəticədə ağır bədən xəsarətləri alıblar.

1966-cı il təvəllüdlü Hüseyn Səfərov həmin gün – iyunun 27-də, saat 15 radələrində daxili işlər orqanının inzibati binasında aldığı xəsarətlər nəticəsində vəfat edib. Onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus avtomobildə daşınarkən keçinib. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, Hüseyn Səfərovun ölümünə çoxsaylı travmalar fonunda yaranmış posttravmatik və posthemorragik şok, Ziyəddin Səfərovun ölümünə isə posttravmatik şok səbəb olub.

İyunun 30-da Səfərov qardaşlarının cənazələri Bakıya gətirilib. Ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təkrar ekspertiza təyin olunub.

Baş Prokurorluq beynəlxalq hüquq normalarına uyğun olaraq, Rusiya Federasiyası da daxil olmaqla müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərib. Cinayət işinin effektiv araşdırılması, məsul şəxslərin müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunması üçün zəruri beynəlxalq əməkdaşlıq təmin ediləcək.

Nemət Əvəzov, eyni zamanda, qeyd edib ki, meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib: “Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiyada da artıq araşdırmalara başlanılıb. Dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində dilindən, dinindən, vətəndaşlığından, milliyətindən asılı olmayaraq, hər hansı bir şəxs işgəncələrə məruz qalaraq öldürülürsə, bu xüsusilə ağır cinayətdir. Bununla bağlı ilkin dəlillər və sübutlar bizim istintaqçılar tərəfindən toplanılıb və Rusiyanın aidiyyatı qurumlarına 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxaq hüquqi yardım haqqında tapşırıq göndərilib. Həmin tapşırıqda da geniş və əhatəli şəkildə rusiyalı həmkarlarımızdan, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik. Törədilmiş cinayətin obyektiv şəkildə istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyanın səlahiyyətli orqanları ilə qarşılıqlı təmas yaradaraq səylərimizi daha sürətli davam etdirəcəyik. Ümid edirik ki, bizim bu səylərimiz nəticə verəcək və təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”

Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsi rəisinin müavini Samirə Nəcəfzadə brifinqdə çıxışı zamanı bildirib ki, qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür.

S. Nəcəfzadə, həmçinin vurğulayıb ki, bunlardan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Konvensiyasını, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktı”nı qeyd edə bilərik: “Son hadisə zamanı bu konvensiya və paktların tələbləri pozulub. Bundan başqa, Avropa İnsan Hüquqları Konvensiyasını qeyd etmək olar. Azərbaycan hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə 2022-ci ilə qədər sözügedən konvensiyasının üzvü olub. Bu konvensiyanın tələblərinə əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin hüquqları pozulub”.

Nemət Əvəzov, həmçinin ötən ilin dekabrında Aktau yaxınlığında baş verən AZAL-a məxsus mülki təyyarənin qəzası ilə bağlı istintaqla bağlı son məlumatları da açıqlayıb. Onun sözlərinə görə, cinayət işi üzrə təxminən 100-ə yaxın ekspertiza təyin olunub və onların əksəriyyəti artıq icra olunub. Ekspertiza qrupunun bir hissəsi yaxın günlərdə Qazaxıstana ezam olunub və burada müvafiq orqanlarla əhatəli müzakirələr aparılıb.

Hazırda ekspertiza nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq və ictimaiyyətə təqdim ediləcək.

Səbuhi MƏMMƏDOV

Cavid QAÇAYEV( foto)

XQ

 

 

























Son xəbərlər