BP-nin BDU-da yeni layihəsi

post-img

BP şirkətinin Bakı Dövlət Universitetinin tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihəsi uğurla tamamlanıb. Ali məktəbdə müasir və interaktiv bir tədris məkanı olan geologiya muzeyinin açılışı olub.

Məraimdə BDU-nun rektoru Elçin Babayev muzey barədə ətraflı məlumat verərək bildirib ki, bu innovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb. Muzey geologiya və geofizika fakültələrinin müəllim heyəti və tələbələri üçün geoloji elmlər və əlaqəli sahələri öyrənmək və araşdırmaq üçün müasir vasitələrdən istifadə etmək imkanı yaradır.      

Muzey 8 tematik guşədən ibarətdir: Azərbaycanın geologiya tarixi, Azərbaycanın bölgələrinin geoloji xüsusiyyətləri, Azərbaycanın mineral ehtiyatları, Azərbaycanın fosilləri və paleontologiyası, Qeyri-adi geoloji quruluşlar və qorunan təbiət abidələri, Heydər Əliyev və geoloji inkişaf, Azərbaycanın geoloji ehtiyatlarının iqtisadi və sosial əhəmiyyəti, Geoloji tədqiqatlar və innovasiyalar. Hər bir guşə interaktiv ekranlar və xəritələr, elmi eksponatlar, multimedia materialları, sensorlu oyunlar, müasir texnoloji lövhələr, simulyatorlar və virtual reallıq elementləri ilə təchiz olunub və ziyarətçilər üçün həm maarifləndirici, həm də əyləncəli təcrübə təqdim edir.

Muzeydə akademik Musa Əliyevin ­kitabxanası da iştirakçılara təqdim olunub. Geologiya üzrə akademik Musa Əliyevin şəxsi kitabxanasının Moskvadan Bakıya ­köçürülməsini təşkil etmiş ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, BDU-da bir çox görkəmli şəxsiyyətlər təhsil alıb və onların özləri də  burada minlərlə yüksək ixtisaslı kadr yetişdiriblər. Belə bir görkəmli şəxsiyyətlərdən biri də akademik Musa Əliyevdir.  Keçmiş SSRİ ərazisində, o cümlədən Azərbaycanda, Əlcəzairdə neft kəşfiyyatı sahəsində,  Xəzər dənizində Neft Daşlarının kəşfində  Musa Əliyevin böyük xidmətləri olub. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib ki, gerçəkləşdirilən layihə ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyimizin gözəl nümunəsidir. Muzey üçün alınmış bütün avadanlıq, texniki və proqram təminatı da daxil olmaqla layihənin ümumi dəyəri 395 min 810 manatdır. Layihə yerli şirkət olan ADZONE-S MMC tərəfindən icra edilib. Yaradılan mərkəz geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan verəcək. Muzeyin dizaynı, texniki təchizatı və təqdim olunan əhatəli informasiya hər bir ziyarətçiyə yer üzünün zəngin və rəngarəng sərvətlərini kəşf etmək üçün unikal bir təcrübə yaşadacaq. 

Akademiklər Akif Əlizadə, Vasif Ağazadə, professor Nizami Cəfərov, Milli Məclisin deputatı Rəfail Hüseynov BP-nin BDU ilə əməkdaşlığını, gerçəkləşdirilən layihələrin önəmini qeyd ediblər.

BDU-nun rektoru Elçin Babayev akademik Musa Əliyevin ədəbiyyatşünas alim, professor Mircəlal Paşayevə yazdığı əlyazma məktubunu Hafiz Paşayevə, universitetin xatirə hədiyyəsini isə Qəri Counza təqdim edib.

XQ

 

Son xəbərlər