Sağ cinahın sərrast hücumçusu

post-img

Mərhum həmkarım, Əməkdar jurnalist Abas Əzimovun (şəkildə solda) “Neftçi”nin 70 illiyi münasibətilə 2007-ci ildə nəşr etdirdiyi “Neftçi”—70” kitabından götürdüyümüz fotoda onunla yanaşı dayanan 1960-cı illərin birinci yarısında SSRİ çempionatlarında Azərbaycan futbolu flaqmanının şərəfini qorumuş, yaddaşlarda özünə yüksək texnikalı, sürətli sağ cinah hücumçusu kimi yer etmiş Kamil Eynullayevdir.

Bu gün onlar həyatda yoxdurlar. Amma idman mətbuatımızın, futbolumuzun yaşlı nəsil nümayəndələri hər ikisini yaxşı tanıyırdılar. “Xalq qəzeti” yada saldığımız kitabın müəllifi haqqında əvvəllər söhbət açıb. Futbolçunu isə indi xatırlayacağıq. Elə həmin kitabda verilmiş statistik göstəricilərin köməyi ilə. 

Həmişə oyunlarını həyəcanla izlədiyimiz “Neftçi”nin ən fəal hücumçularından biri olmuş K. Eynullayev rəqib müdafiəçiləri daim gərgin vəziyyətdə saxlayan kəskin həmlələri və yüksək sürəti ilə fərqlənirdi. 

SSRİ çempionatlarının güclülər dəstəsində komandamızın heyətində 74 görüşdə meydana çıxan Kamil 7 qolun müəllifi olub. Digər mənbələrə də müraciət edib, həmin qollarla maraqlandıqda bu qənaətə gəlirik ki, onlardan 3-ü dəyərinə görə xüsusi qeyd olunmalıdır.

1961-ci il aprelin 20-də 23-cü SSRİ çempionatı çərçivəsində Bakıda keçirilmiş və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmış “Neftçi”–“Spartak” (Vilnüs) görüşündə azarkeşləri yeganə qolla ­Kamil Eynullayev sevindirib. 

Həmin oyundan 3 həftə sonra, mayın 13-də Xarkovda yerli “Avanqard” komandası ilə matçda da moskvalı hakim P. Apuxtin bakılıların xeyrinə kiçik hesabla qələbə qeydə alıb—1:0. Bu dəfə də “Neftçi”yə 2 xalı Eynullayevin sərrast zərbəsi qazandırıb. 

 O, Azərbaycan paytaxtı futbolçularının həmin 23-cü çempionatda Tallinin “Komsomol” stadionunda yerli “Kalev” komandası ilə görüşündə də inamlı oyunu ilə yadda qalıb. Həmyerlilərimizin doğma sahillərdən uzaqlarda, Baltikyanı respublikada meydan sahiblərini 2:1 hesabı ilə məğlubiyyətə uğratdıqları oyunda qollardan birinin müəllifi Kamil olub. 

K.Eynullayevin iştirakçısı olduğu görüşlərdən birinin isə beynəlxalq yoldaşlıq oyunları tarixində xüsusi yeri var. Tarix xatırladır ki, 65 il əvvəl, 1960-cı il iyulun 11-də Respublika stadionunun tamaşaçılarla dolu tribunaları qarşısında oynanılmış matçda “Neftçi” İstanbulun hələ o vaxtlardan yaxşı nüfuz sahibi kimi tanınan “Qalatasaray” komandasını qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb. Qonaqların qapısına vurulan hər 3 qol isə oyunun qəhrəmanı Eynullayevin həlledici zərbələrindən sonra qeydə alınıb. 

Bax belə, ötən əsrin 60-cı illərinin birinci yarısında “Neftçi”nin yüksək ustalığı ilə xatirələrdə ­yaxşı iz buraxmış sağ cinah hücumçusu Kamil Eynullayev kimi sevimli oyunçusu olub. Çoxminli futbol ­ictimaiyyətimiz də öz növbəsində onu unutmur, daim hörmətlə xatırlayır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

 

İdman