Multikulturalizm Mərkəzi ICESCO ilə memorandum imzalayıb

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, hər iki təşkilat öz imkanlarından istifadə edərək təsirli proqramlar yaratmaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, liderliyi gücləndirmək və qlobal miqyasda sülhü irəli aparmaq üçün birgə fəaliyyət göstərməkdir.

BBMM-in icraçı direktoru Rəvan Həsənov mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, imzalanan memorandum BBMM ilə ICESCO arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir: “İnanırıq ki, bu əməkdaşlıq vasitəsilə İslam dünyasında mədəni müxtəlifliyin və qarşılıqlı anlaşmanın təşviqinə birgə töhfə verəcəyik. Birgə layihələr, elmi tədqiqatlar və gənclərə yönəlik proqramlar vasitəsilə multikulturalizm dəyərlərinin daha geniş coğrafiyada tanıdılmasına nail olacağıq”.

ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov Anlaşma Memorandumunun əhəmiyyətindən danışaraq qurulan tərəfdaşlığın gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib: “Bu əməkdaşlıq yalnız iki qurum arasında deyil, həm də İslam dünyasında mədəni müxtəlifliyin, dinc birgəyaşayışın və qarşılıqlı hörmətin təşviqinə yönəlmiş qlobal səylərin bir hissəsidir. ICESCO olaraq biz, Azərbaycanı multikulturalizm sahəsində mühüm tərəfdaş kimi qiymətləndiririk. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə reallaşdıracağımız layihələrin həm regionda, həm də beynəlxalq səviyyədə əhəmiyyətli təsir göstərəcəyinə inanırıq”.

XQ

Son xəbərlər