İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam, Xankəndi və Şuşaya səfər edib.
Qonaqlar əvvəlcə Ağdam şəhərindəki İmarət kompleksi ilə tanış olublar.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlarının nəslindən olmuş görkəmli şəxslərin dəfn edildiyi qəbiristanlıq da erməni vandalizminin qurbanı olub.
İtaliyalı parlamentarilər sonra Xankəndi şəhərinə gəliblər. Zəfər meydanında olan qonaqlara Xankəndi şəhərində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Xankəndidə “Qarabağ” Universitetini də ziyarət ediblər.
Qonaqlar Şuşa şəhərində də olublar. Şuşa qalasında, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanında olan nümayəndə heyətinə şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verilib.
XQ