“Almatı prosesi” konfransında Bakı bəyannaməsi

post-img

Bakıda miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransı yekunlaşıb. Azərbaycan Respublikasının “Almatı prosesi”nə ikiillik sədrliyinin yekunu olaraq təşkil olunan konfransın sonunda  Bakı bəyannaməsi qəbul olunub. Eyni zamanda, "Almatı prosesi"nə sədrlik Qazaxıstan Respublikasına keçib.

Konfransın əsas məqsədi ölkəmizin prosesə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlərə nəzər yetirmək, “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransının Bakı bəyannaməsinin qəbul edilməsi və sədrliyin Qazaxıstan Respublikasına ötürülməsi olub.

“Almatı prosesi”nə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən konfransda açılış nitqi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edib. Onun sözlərinə görə, Azərbaycan “Almatı prosesi”nə 2 illik sədrlik dövründə fəaliyyətini bütün iştirakçı dövlətlərin maraq və ehtiyacları, eləcə də prosesin strateji və institusional inkişafı istiqamətində qurmağa çalışıb: “Azərbaycan “Almatı prosesi”nin işində təşkilatın yarandığı vaxtdan fəal iştirak edir və milli miqrasiya sahəsində əldə etdiyi təcrübəni bütün maraqlı tərəflərlə bölüşərək bu illər ərzində digər iştirakçı dövlətlərin ən yaxşı təcrübələrindən yararlanmışdır. Bu xüsusda Azərbaycanın son 2 il ərzində “Almatı prosesi”nə sədrlik etməsi bizim üçün çox əlamətdar idi”.

Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken isə qeyd edib ki, Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir. O, Bakı bəyannaməsinin regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib: “Almatı prosesi” iştirakçısı olan ölkələrin hüdudlarından kənarda, təxminən, 8 milyon vətəndaş yaşadığı halda, bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir. Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir”.

Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş çıxışında qeyd edib ki, 2023-cü ildən bəri qardaş ölkədə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb. “Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir. Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün “Mobil İmmiqrasiya Məntəqələri” adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev isə bildirib ki, “Almatı prosesi”nin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir".

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Almatı prosesi” özündə Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Türkiyə, Pakistan, İran və İtaliyanı birləşdirən regional məşvərətçi platformadır. Yarandığı vaxtdan prosesin işində aktiv iştirak edən Azərbaycan Respublikası 2023-cü ilin martın 28-də sədrliyi Türkiyə Respublikasından təhvil alıb.

XQ

 



Son xəbərlər