Nümayəndə heyətimiz II Mərkəzi Asiya Media Forumunda

post-img

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi” mövzusunda II Mərkəzi Asiya Media Forumunda iştirak edib.

“Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, müasir dövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühiti sürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir və ictimai-siyasi proseslərin idarəolunmasında müstəsna rol oynayır. İcraçı direktor media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin sürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavab vermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Xatırladırıq ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və tanınmış ekspertləri iştirak edirlər.

***

II Mərkəzi Asiya Media Forumu çərçivəsində MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.

Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb. Bununla yanaşı, tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

XQ

Son xəbərlər