Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102, Muxtar Respublikanın yaranmasının 101 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı” keçirilib.
Açılış mərasimində ali məktəbin rektor Elbrus İsayev ənənəvi olaraq keçirilən və bu il dördüncü dəfə təşkil olunan müsabiqə-festivalın mədəniyyətimizə qazandırdığı dəyərlərin mahiyyətindən danışıb. O bildirib ki, müsabiqə özfəaliyyət qruplarında istedadlı gənclərin aşkarlanması, qiymətləndirilməsi və tanıdılması məqsədi daşıyır, onun festival formatında təşmili isə tələbələrin milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsinə xidmət edir.
Müsabiqədə milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz, rəqs kateqoriyalarında iştirakçıların təqdimatı izlənilib. Tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri dərnək və studiyalar, solo ifaçılar, bədii qiraətçilər, həvəskar rəqqas və musiqiçilər, eləcə də orkestr və ansambllar, rəqs kollektivləri, solo ifaçılar çıxışlarında bacarıqlarını nümayiş etdiriblər. Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bildirək ki, müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr may ayında yekun konsertdə iştirak hüququ qazanıblar.
Münsiflər heyətinin üzvləri Xalq artistləri Mübariz Tağıyev, Təranə Muradova, Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Arslan Növrəsli tələbələr üçün ustad dərsi də keçiblər.