Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib

post-img

Xəbər verdiyimiz kimi, Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hanoyda işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Li Min Çi ilə ikitərəfli görüş keçirilib. Li Min iki il əvvəl Vyetnamın Baş prokuroru olarkən Kamran Əliyevlə Sankt-Peterburqdakı görüşünü xatırladıb və iki ölkənin prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun hüquq mühafizə orqanları arasında əməkdaşlıq üçün təkan rolunu oynayacağına əminliyini ifadə edib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl hüquqi islahatlar barədə həmkarını məlumatlandırıb. Baş prokuror Azərbaycan prokurorluğunun digər dövlətlərin hüquq mühafizə, həmçinin məhkəmə orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirərək, gələcəkdə Vyetnamın Ali Məhkəməsi ilə əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti Kuannin əyalətinin prokurorluğunda da olub. Əyalətin Baş prokuroru Luonq Pfuk Son prokurorluğun fəaliyyəti barədə məlumat verərək, ölkəmizin bölgə prokurorluqları ilə təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib.

Kamran Əliyev baş prokurorluqlar arasında imzalanmış sənədin ölkələrimizin region prokurorluqlarının qarşılıqlı səfərləri üçün faydalı olacağını qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Vyetnama səfəri başa çatıb.

Son xəbərlər