UNUDULMAZ FACİƏ
Azərbaycan tarixində ən qanlı faciələrdən biri də 1918-ci ilin yazında törədilmiş soyqırımı günləridir. Həmin ilin mart-aprel aylarında baş vermiş soyqrımından 107 il ötür.
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində öz xəstə təfəkkürləri ilə mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə siyasətini həyata keçirmişlər. Xalqımızın övladları XX əsrdə bir neçə dəfə erməni faşizminin qurbanı olublar. Başımıza gətirilən ən dəhşətli faciə isə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Bakı şəhərində, 1918-ci il martın 31-də azərbaycanlıların kütləvi qırğını isə hadisələrin kulminasiya nöqtəsidir. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi dinc azərbaycanlıların qırğınında xüsusi fəallıq nümayiş etdirmişlər. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edir, uşaqdan böyüyədək hər kəsi qətlə yetirirdilər. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları İnqilabi Müdafiə Komitəsinin qərargahında olublar. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə istiqamətləndiriliblər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri və bolşeviklər müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngülərin ucuna keçirirmişlər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetiriblər. Hadisələrdən dərhal sonra şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadın diri-diri divara mıxlanmışdır. O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar tərəfindən 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.
30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından didərgin salmışlar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Beləliklə, ermənilərin xalqımıza qarşı törətdiyi amansız vəhşiliklərin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandı. Fərman 31 mart soyqrımına siyasi qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən rəsmi sənəddən sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri həmin bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncama əsasən ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirildi. Bu, mənfur erməni faşizminin ifşası və dünyaya tanıdılması istiqamətində xüsusi addım oldu.
31 Mart faciəsi təkcə keçmişin deyil, həm də gələcəyin dərsidir. Azərbaycan xalqı bu hadisələri heç vaxt unutmamalı, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün mübarizəsini davam etdirməlidir. Bu soyqırımı beynəlxalq səviyyədə tanıtmaq, haqq və ədaləti bərpa etmək üçün hər birimiz səy göstərməliyik.
Aygün İSMAYILOVA,
ADPU-nun Xarici Diilər Mərkəzinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru