Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı müxtəlif təşkilatlarda tədbirlər keçirilib.
Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, 1993-cü ildə Azərbaycan bu nüfuzlu qurumun üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq qurumun fəaliyyətinə öz töhfəsini verməkdədir.
Toplantılarda ulu öndər Heydər Əliyev tərəfindən ölkədə mülki müdafiə işininin etibarlı şəkildə təşkili istiqamətində atılan addımların əhəmiyyətindən danışılıb, bu sahənin daim diqqətdə saxlandığı vurğulanıb. Qeyd olunub ki, dahi liderin mütərəqqi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin etibarlı təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının yüksək səviyyədə təmin edilməsi məsələləri mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub.
Mərasimlərdə fövqəladə hallar zamanı davranış, ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarından danışılıb.
XQ