Azərbaycanın dini liderlərinin “Xocalıya ədalət!” çağırışı

post-img

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ölkə tarixinin ən dəhşətli səhifələrindən biri, XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı müraciət yayıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının başçısı Yepiskop Aleksiyin, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobilinin, Avropa Yəhudiləri İcmasının rəhbəri” Aleksandr Şarovskinin imzaladıqları sənəddə bildirilir ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir.

Soyqırımının miqyas və dəhşətlərini xatırladan din xadimləri bildirirlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində törədilmiş misilsiz soyqırımı zamanı 613 dinc sakin şəhid olmuş, 487 nəfər ağaır yaralanmış, 150 nəfər itkin düşmüş, 1275 nəfər işgəngəli girovluq taleyi yaşamışdır: “Azğınlaşmış ekstremistlər insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, insanları diri-diri torpağa basdırmış və ya yandırmış, meyitlərin üzərində vəhşi həqarətlər etmiş, bir qismini minalamışlar. Şaxtalı hava şəraitində əl-ayağı yalın qaçıb xilas olmaq istəyən mülki əhaliyə belə aman verilməmiş, onlar təqib edilərək yollarda, meşələrdə erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişlər”.

Dini liderlər qeyd edirlər ki, Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın işğal altında saxlanılmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilmiş, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqəti yaşamışdır.

Müraciətin davamında dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirmişdir. Bölgədə 67 məsciddən 65-i tamamilə dağıdılmış, məscidlər tövləyə çevrilmişdir. İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən “yandırılmış torpaq” siyasəti tətbiq etmiş, minlərlə mina yerləşdirmişlər.

Dini qurum rəhbərlərinin müraciəti humanist çağırışla bitir: “ Biz beynəlxalq və dini təşkilatları Azərbaycanda mövcud olan nümunəvi tolerantlıq və multikulturalizm mühiti ilə yerində tanış olmaq, işğaldan azad olunmuş ərazilərdə real vəziyyətlə, o cümlədən mədəni və dini abidələrimizə qarşı erməni vandalizminin nəticələrini öz gözləri ilə görərək bu qeyri-insani əməllərə obyektiv qiymət verməyə dəvət edirik. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq. Xocalı bərpa olunur, lakin Xocalıya tarixi ədalət də bərpa olunmalıdır”.

XQ

Son xəbərlər