Özbəkistan ali musiqi məktəbində Azərbaycan ocağı

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov arasında görüşdə bu ali məktəbdə Azərbaycan ocağının açılması barədə razılıq əldə edilib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsindən danışan rektor qeyd edib ki, institut ənənəvi milli musiqi sənəti növlərinin “makom” (muğam), “baxşi” və “katta aşula” ifaçılığı sahəsində kadrlar hazırlayır. XX əsrin əvvəllərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları özbək tamaşaçısının da qəlbini fəth edib. Bu əsərlər Özbəkistanın musiqi – səhnə, konsert-ifaçılıq repertuarı və tədris-pedaqoji təcrübəsinin ayrılmaz hissəsinə çevrilən ilk musiqili-dramatik, opera tamaşalarının yaranmasına böyük təsir göstərib.

Akif Marifli özbək dinləyicisinə mənəvi cəhətdən yaxın olan Azərbaycan musiqisinin Özbəkistan mədəniyyətində həmişə mühüm yer tutduğunu qeyd edərək 1997-ci ildən Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanın 3 dəfə Qran-pri və digər yüksək mükafatlara layiq görülərək öz musiqi sənətini uğurla təqdim etdiyini vurğulayıb. O qeyd edib ki, hər iki xalq bir-birinin mədəniyyətindən və ədəbiyyatından zaman-zaman bəhrələnir ki, bu da ortaq türk musiqisinin daha da zənginləşməsi üçün zəmin yaradır.

Görüşdə Özbəkistanda Azərbaycan musiqi sənətinə xüsusi marağı nəzərə alaraq Azərbaycan Mədəniyyət Mərkəzinin institutda Azərbaycan ocağı yaratması barədə razılıq əldə edilib.

Qulu Kəngərli,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

Son xəbərlər