Milli Qəhrəman Hökumə Əliyeva haqqında film çəkiləcək

post-img

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.

Qısametrajlı sənədli film 25 dekabr 2024-cü ildə Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökümə Əliyevanın həyatından bəhs edir.

H.Əliyevanın qəza anında göstərdiyi cəsarət, səbir və möhkəm iradə ölümdən qayıdan xeyli insana yaşamaq gücü vermiş, saatlarla havada asılı qalan təyyarədə sərnişinlərə aşıladığı ümidlə dolu sözlər hazırda böyükdən-kiçiyə hər kəsin yaddaşında dərin iz buraxmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülmüşdür.

Qeyd edək ki, H.Əliyevaya həsr olunmuş qısametrajlı sənədli  filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılıb. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru AKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.

Son xəbərlər