Livan prezidenti Nəvaf Salamı baş nazir təyin edib

post-img

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın baş naziri təyin edilib və ona yeni hökumətin formalaşdırılması tapşırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Prezident Administrasiyasının bəyanatında deyilir.

Prezident Cozef Aun tərəfindən aparılan məsləhətləşmələrdən sonra Nəvaf Salam 128 deputatdan 84-nün dəstəyini qazanıb.

Livanın siyasi normalarına əsasən, baş nazir postunu ənənəvi olaraq sünni müsəlman, prezident postunu maronit xristian, parlament sədri postunu isə şiə müsəlman tutur.

Nəvaf Salam 1953-cü ildə məşhur siyasətçilərin ailəsində anadan olub. Onun əmisi Saib Salam 1975-1990-cı illərdə Livanda vətəndaş müharibəsindən əvvəl bir neçə dəfə baş nazir vəzifəsində çalışıb, əmisi oğlu Tammam Salam isə 2014-2016-cı illərdə hökumətə rəhbərlik edib. O, Harvard Universitetində hüquq üzrə magistr, Sorbonna Universitetində isə tarix və siyasi elmlər üzrə iki doktorluq dərəcəsi alıb. 2007-2017-ci illərdə Livanın BMT-dəki səfiri və daimi nümayəndəsi vəzifəsində çalışıb.

Qeyd edək ki, Livan ölkədə fəaliyyət göstərən “Hizbullah” hərəkatı və İsrail arasında 14 ay davam edən müharibədən çıxıb. Ölkə hazırda müharibədən sonrakı yenidənqurma işləri ilə yanaşı, ağır iqtisadi çətinliklərlə də üzləşib.

Dünya