BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Bakı Dövlət Universitetinin Elmi Kitabxanası “Konstitusiya və Suverenlik İli” adlı illik kitab sərgisi təşkil edib. Sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlar, Ümummilli Lider Heydər Əliyev, Konstitusiya hüququ, tarixi kimi mövzularda nəşrlər nümayiş olunur. 
 
Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərdə olan 100-dən çox nəşrin nümayiş olunduğu sərgidə “Konstitusiya hüququ”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Azərbaycanın dövlət və hüququnun əsasları”, “Основы Конституции и права Азербайджанской Республики”, “Гейдар Алиев и Конституция Азербайджанской Республики” kimi dəsrlik və dərs vəsaitləri, həmçinin “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Hüquqi dövlət və Konstitusiya”, “Naxçıvan Muxtar Respublikası Konstitusiyalarda” adlı nəşrlər xüsusi yer tutur.
 
Ulu Öndər Heydər Əliyevin şah əsəri hesab edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan olunub. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Bütün bu tarixi proseslərin daha dərindən öyrənilməsi, tədqiqatların aparılması, gənc nəslə çatdırılmasına öz töhfəsini verəcək sərgi ilin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

XQ

Son xəbərlər