Qətər Qəzza sektorunda atəşkəs rejiminin tətbiqinə və girovların azad edilməsinə dair yekun saziş layihəsini HƏMAS hərəkatının nümayəndələrinə və İsrail tərəfinə təhvil verib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata əsasən, yanvarın 12-də axşam saatlarında Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə danışıqlar aparıb.
Lakin agentliyin mənbələri danışıqlarda irəliləyişə nail olunmasına baxmayaraq, hələ də aradan qaldırılmalı olan bir sıra əngəllərin mövcud olduğunu qeyd edib. HƏMAS tərəfinin fikrincə, İsrail hərbçilərinin Qəzzadan çıxarılması və girovların dəyişdirilməsi prosesinin təfərrüatlı izahına ehtiyac var.
Tərəflər Donald Trampın yanvarın 20-nə planlaşdırılan andiçmə mərasiminədək konkret razılıq əldə etməyə çalışırlar. Donald Tramp andiçmə mərasiminədək HƏMAS-ın girovları azad etməyəcəyi təqdirdə Yaxın Şərqi “cəhənnəmlə” hədələyib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatı İsrailin nəzarətində olan ərazilərə hücum edib. Hücum nəticəsində 1,2 mindən çox israilli ölüb və 240 nəfər girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.