ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə namizədliyini irəli sürdüyü Mayk Vals Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlıqların davam etdiyini bildirib.
ABC News-a müsahibəsində o, danışıqların Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi daşıdığını qeyd edərək, “Görüşə hazırlıq davam edir” deyib.
O vurğulayıb ki, Tramp yaxın vaxtlarda münaqişəyə son qoymaq üçün addımlar atmağı planlaşdırır. “Prezident Trampın nöqteyi-nəzərindən qarşı tərəflə münasibət və dialoq qurmadan razılığa gəlmək mümkün deyil. Önümüzdəki aylarda bunu mütləq edəcəyik”, - Vals bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Rusiya və Ukrayna arasında müharibənin diplomatik yolla dayandırılmasının zəruriliyini anlayır. Vals əlavə edib ki, atəşkəs hər iki tərəf üçün müsbət addım olacaq.
Vals həmçinin qeyd edib ki, Qəzzalı girovların azad edilməsinə dair razılaşma əldə etmək üçün danışıqlar “hazırda davam edir”. O vurğulayıb ki, Tramp girovların azad edilməsi məsələsinə son dərəcə ciddi yanaşır. Vals yanvarın 20-nə planlaşdırılan yeni seçilmiş prezidentin andiçmə mərasiminə qədər razılığın əldə olunacağına ümid etdiyini bildirib.
“Tramp Qrenlandiya və ya Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi düşünürmü?” sualına Vals deyib ki, Trampın ən aktual problemi ABŞ-ın Arktika bölgəsində üzləşdiyi “təhdidlər”dir: “O, Birləşmiş Ştatların müdafiəsini təmin etmək üçün qətiyyətli və cəsarətli addımlar atmağa hazırdır”.
P.ƏMİRCANOV
XQ