FHN Şəmkirdə təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir şəhərinin 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, maye qazdoldurma məntəqəsində elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt yanğın su hovuzu və avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi, eyni zamanda, qəza zamanı məhsulun bir çəndən digərinə nasoslarla vurulması imkanı ilə təmin edilməyib, çənlər arasındakı boru xətləri düzgün quraşdırılmayıb. Obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və ilkin yanğınsöndürmə vasitələri atmosfer yağıntılarından qorunmaq üçün günlük altında, xüsusi yerlərdə quraşdırılmayıb. Ölçü lyukunun qapağının altı lyukun bağlanması zamanı qığılcımın əmələ gəlməsinə qarşı alüminium, qurğuşun, yaxud polimerdən hazırlanmış araqatı və obyektin giriş-çıxış qapısının çıxış istiqamətində sərbəst şəkildə açılması təmin edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an yarana biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən Şəmkir şəhərinin 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.







Son xəbərlər