COP29 sammiti çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Google” şirkətinin Mərkəzi Asiya, Qafqaz nümayəndəliyi arasında keçirilən görüşdə Azərbaycan Süni İntellekt Laboratoriyası, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri də iştirak etmişdi.
Görüş zamanı “Google”nin inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutduğu qlobal “AI Sprinters Framework” proqramı əsasında Azərbaycanın Milli Süni İntellekt Strategiyasının inkişafı üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Şirkət tələbə və mütəxəssislərə yeni proqramdan və digər süni intellekt texnologiyalarından necə istifadə edə biləcəkləri ilə bağlı məlumat verib. Bu təşəbbüslər vasitəsilə universitet və nəhəng texnologiya şirkətləri ilə sıx əlaqələrin qurulmasının mümkünlüyü qeyd olunub.
Bildirilib ki, bu əməkdaşlıq həm də Azərbaycanda rəqəmsal ekosistemin inkişafına mühüm töhfə verəcək. İnnovasiyaların sürətləndirilməsi və dayanıqlı inkişafı üçün süni intellektdən istifadənin optimallaşdırılması baxımından da yeni imkanlar yaranacaq.
S.FİDAN
XQ