Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 19-da Bakıda keçirilən COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Aralıq dənizi Parlament Assambleyasının prezidenti Enaam Mayaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbətdə qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyi qeyd olunaraq Bakıda COP29-un təşkili ölkəmizə hörmətin əlaməti, Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun yüksək dəyərləndirilməsi kimi qiymətləndirilib. İqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri təhdid etdiyi, onun müşahidə olunan fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.
Sahibə Qafarova qonaqlara noyabrın 16-17-də Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü haqqında da məlumat verib. Spiker bu görüşü qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə parlament töhfəsi kimi qiymətləndirib.
Parlament Assambleyasının prezidenti Enaam Mayara Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.
Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə bu təşkilat arasında mümkün əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
***
Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Parlamentin sədri Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətirən uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb. O, Mərkəzin qlobal məsələlərin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, indiyədək keçirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.
S.Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü barədə qonaqları məlumatlandırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, üzvləri Rosen Plevneliev, Jean Baderşnayder və Denis Fransis ölkəmizin ekoloji sahədəki fəallığını və dünya miqyasında yaşıl inkişafın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub.
XQ