Milli Məclis komitələrində dövlət büdcəsi layihəsi müzakirələri

post-img

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, son illərdə ölkəmiz geosiyasətdə böyük uğurlar əldə etməklə yanaşı, sosial-iqtisadi inkişaf baxımından da mühüm irəliləyişlərə nail olub. On ayın məlumatına əsasən, ÜDM-in 4,9 faiz artması çox böyük nailiyyətdir. ÜDM böyüdükcə orada faiz artımı mütləq rəqəmlərlə daha böyük həcmləri əks etdirir. Ziyafət Əsgərov bildirib ki, 2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər üçün cari illə müqayisədə 8,8 faiz artıq vəsait nəzərdə tutulur. 

Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. Layihəyə əsasən, gələn il üçün icmal büdcəsinin gəlirləri 43910,5 milyon manat, xərcləri 47589,4 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3679,0 milyon manat təşkil edəcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. Palata sədri fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.

Ombudsman Səbinə Əliyeva müzakirə edilən məsələ ilə bağlı mülahizə və təkliflərini səsləndirib. 

Çıxış edən deputatlar 2025-ci ilin dövlət büdcəsinin layihəsi barədə fikirlərini açıqlayıb, qeyd və təkliflərini bildiriblər.

İclasda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. 

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib. O, parlamentlə hökumət arasında işgüzar münasibətlərin mövcud olduğunu, təqdim edilən büdcə sənədlərinin hər zaman yüksək keyfiyyət parametrlərinə cavab verdiyini söyləyib. 

Maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, həyata keçirilən dövlət siyasətinin əsas məqsədi əhalinin rifahının və sosial təminatının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu baxımdan dövlət büdcəsində sosialyönlü xərclər prioritet təşkil edir. 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış ediblər.

Çıxışlarda 2025-ci ilin dövlət büdcəsinin mükəmməl hazırlandığı bildirilib, bir sıra qeyd və təkliflər səsləndirilib.

Sonra iclasda deputatlar Jalə Əliyeva, Nəsib Məhəməliyev, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Asim Mollazadə, Müşfiq Məmmədli, Vüqar Bayramov, Gülşən Paşayeva, Asif Əsgərov çıxış edib, 2025-ci ilin büdcə layihəsi barədə fikirlərini və bəzi qeydlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibətlərini açıqlayıblar. 

Sonda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

XQ

 

Son xəbərlər