“X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.
Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə açıqlamasında bildirilib. Vurğulanıb ki, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində, guya, Azərbaycanın evsahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.
Açıqlama bildirilir: “Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti belə çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır”.