Baş nazir Nikol Paşinyan özü də daxil olmaqla Ermənistan iqtidarını təmsil edən rəsmilər ənənəyə sadiq qalaraq ziddiyyətli açıqlamalarını davam etdirirlər. Onlar bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin imzalanması üçün danışıqlar aparır, digər tərəfdən isə danışıqları dalana dirəyəcək fikirlər səsləndirirlər. Belə fikirlərdən biri Azərbaycanın, guya, Ermənistan ərazilərini “tutması” ilə bağlıdır.
İrəvan rəsmi şəkildə iddia edir ki, Azərbaycan 2021–2022-ci illərdə Ermənistanın 200 kvadratkilometrdən çox ərazisini tutub. Guya, tutulan ərazilər Zəngəzur, Göyçə və Dərələyəz mahallarının ərazilərini (haylar bu tarixi Azərbaycan torpaqlarını müvafiq olaraq Sünik, Geqarkunik və Vayoç Dzor adlandırırlar – S.H.) əhatə edir. Hətta, radikal revanşist siyasətçilər, deputatlar və onlara bağlı olan media orqanları Azərbaycanı “Ermənistanın suveren ərazilərini işğal etməkdə” ittiham edirlər.
Son vaxtlar İrəvandan bu istiqamətdə verilən açıqlamaların sayı artıb. Təbii ki, ilk açıqlamanı baş nazir özü verib. Paşinyan oktyabrın 27-də parlamentdə “Hökumət saatı” zamanı deputatların suallarını cavablandırarkən “işğal olunmuş əraziləri” hərbi yolla geri qaytarmaq vəzifəsini qarşıya qoymadıqlarını, Azərbaycanla imzalanan demarkasiyaya dair sənədin demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaratdığını bildirib: “İrəvanın torpaqları hərbi yolla qaytarmaq planları yoxdur və respublikanın ərazi bütövlüyü sülh müqaviləsinin imzalanması və Azərbaycanla sərhədin delimitasiyası yolu ilə bərpa oluna bilər”.
Bundan bir neçə gün sonra – oktyabrın 30-da Ermənistan müdafiə nazirinin birinci müavini, silahlı qüvvələrini baş qərargah rəisi, general-leytenant Edvard Asryan hazırda regionda eskalasiya təhlükəsinin olmadığını deyib. Asryan sərhəddə vəziyyətin nisbətən sabit olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, baş qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir. Növbəti eskalasiyanın Ermənistan üçün çox ağır nəticələr verəcəyini dərk edən Asryan, eyni zamanda, demarkasiya prosesindən də danışıb. Hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayan erməni general bildirib ki, Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına (?) sərhədin delimitasiyası yolu ilə nail olmaq olar: “Mən baş nazirimizin bəyanatı ilə birmənalı şəkildə razıyam. Delimitasiya prosesi gedir. Bu prosesin bir hissəsi kimi müəyyən sərhədlər çərçivəsində Ermənistanın ərazi bütövlüyünün bərpası planlaşdırılır”.
Erməni jurnalistlər israrla generaldan bunun baş verəcəyinə əmin olub-olmadığını soruşublar. O isə əminliklə əvvəlki fikrini təkrarlayıb: “Bu məsələ sülh, delimitasiya yolu ilə həll edilə bilər”.
Daha bir açıqlama Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyandan gəlib. O da parlamentdə olarkən jurnalistlərə bildirib ki, Azərbaycan Silahlı Qüvvələri sərhədin delimitasiyası prosesi nəticəsində Ermənistan ərazisini (?) tərk edəcəklər: “Bilirsiniz ki, delimitasiya prosesi gedir. Bu yaxınlarda komissiyanın əsasnaməsi parlamentdə təsdiqləndi. Eyni zamanda, sənəd Azərbaycanda da yüksək səviyyədə təsdiqlənib. Düşünürəm ki, bu proses davam edəcək”.
Jurnalistlər bu dəfə milli təhlükəsizlik xidmətinin direktoruna “delimitasiya prosesi nəticəsində Ermənistanın ərazi bütövlüyünün bərpa olunub-olunmayacağı” (?) ilə bağlı suallar veriblər. O isə cavab olaraq deyib: “Mən belə hesab edirəm ki, bərpa olunacaq”.
Nəhayət, növbə müdafiə naziri Suren Papikyana çatıb. Nazir “dəstədən qalma geri” prinsipi üzrə məsələyə münasibət bildirib. “Nyus.am” saytı müxbirinin “azərbaycanlıların Ermənistanın işğal olunmuş ərazilərini tərk etməsi üçün nələr edilir?” sualına Papikyanın cavabı belə olub: “Azərbaycanlıların işğal olunmuş əraziləri tərk etməsi məsələsi diplomatik sferadadır. Bu məsələlər diplomatik sahədə ən yüksək səviyyədədir və siyasi-diplomatik yolla həll olunacaq”.
Müdafiə nazirinin belə bir ehtimalın mümkün olub-olmadığına dair suala cavabı belə olub: “Mən sizin sorğunuzu cavablandırdım”.
Qeyd edək ki, 2024-cü il avqustun 30-da “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın fəaliyyətinə dair Əsasnamə” imzalanıb. Sentyabrın 26-da Ermənistan konstitusiya məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə (reqlament) layihəsinin ölkənin əsas qanununa uyğunluğunu tanıyıb. Oktyabrın 23-də Ermənistan parlamenti əsasnamənin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib. Bu isə ölkədəki radikal-revanşist kəsimin yenidən baş qaldırmasına səbəb olub. Onlar, necə deyərlər, sözü bir yerə qoyaraq qanunun əleyhinə çıxıblar. Sənədin lehinə yalnız hakim “Mülki müqavilə” fraksiyasının deputatları səs veriblər. Müxalifətçi “Hayastan” və “Şərəfim var” fraksiyaları sənədin gələcəkdə dövlət əleyhinə güzəştlərə haqq qazandırmaq məqsədi daşıdığını bildirərək, müzakirə və səsvermədə iştirak etməyiblər. Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev əsasnaməni təsdiqləyib. Həmin gün Ermənistan prezidenti Vaaqn Xaçaturyan da sənədə imza atıb.
Əsasnamə layihəsi ilə bağlı müzakirələr, hər iki tərəfdən edilən təsdiqlər, sanki, Ermənistandakı müəyyən qüvvələrin yadına Azərbaycan hərbçilərinin qarşı tərəfin ərazisini tutduğunu salıb. Halbuki, biz heç kəsin ərazisini tutmamışıq. Bu istiqamətdə fikirlər səsləndirən radikal revanşistləri müəyyyən mənada başa düşmək olar. Onlar ölkəmizi olmazın məsələlərdə ittiham etməyə öyrəncəlidirlər. Məqsədləri ölkəmizə daim pislik etməkdir. Onlar ölkəmizlə bağlı fikir söyləyəndə reallıq hissini itirirlər. Yaxşı, bəs Ermənistanın dövlət məmurlarına nə deyək?
Axı hələ dövlət sərhədinin delimitasiya olunması istiqamətində danışıqlar gedir. Hələlik, delimitasiya işləri nəticəsində cəmi 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Nəzərə almaq lazımdır ki, Ermənistan–Azərbaycan sərhəd xəttinin uzunluğu təqribi hesablamalara görə 996–1007 kilometr arasında dəyişir. Delimitasiya uzun, yorucu və böyük zəhmət tələb edən prosesdir. Hələlik, yekun rəy olmadan, xəritə üzərində ölçmə işləri aparılmadan Ermənistan rəsmilərinin Azərbaycanı işğalda ittiham etmələri heç bir əndazəyə sığışmır və prosesi əngəlləməyə xidmət edir.
Bundan əlavə, Prezident İlham Əliyev hələ 2021-ci il iyulun 22-də Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə münasibət bildirmiş və demişdir: “Görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik.
Təbii ki, bu məsələ səfər zamanı (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 2021-ci il iyulun 18-də Bakıya etdiyi səfər nəzərdə tutulur – S.H.) müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib...”
Cənab İlham Əliyevin bəyan etdiyi bu fikirlər qarşı tərəfdə Azərbaycanı hansısa torpaqları tutmaqda ittiham edənlərə aydın mesaj olmalıdır. Onlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan Ordusunun hazırda dayandığı ərazidən çıxarılması heç bir şəkildə müzakirə predmeti ola bilməz.
Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən politoloq Ramiyə Məmmədova açıqlamasında bildirdi ki, Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatsa da, Ermənistan hakimiyyəti həm birbaşa özünün ordusu vasitəsilə, həm də Qarabağda yaratdığı qondarma rejimin əli ilə müxtəlif təxribatlar törətməyə davam edirdi. Qarşı tərəf atəşkəsi pozur, təxribatçı qruplar ərazilərimizə daxil olur, torpaqlarımız minalarla çirkləndirilirdi: “Azərbaycan torpaqları 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalı altında olub. Onların arasında heç kim, o cümlədən jurnalistlər də dövlət məmurlarına başqa ölkəyə məxsus torpaqları işğal etmələri ilə bağlı suallar verməyiblər. Azərbaycan qoşunları isə bizim öz ərazimizdədirlər. Ermənilərdən fərqli olaraq, bizim heç kəsin torpağında gözümüz yoxdur”.
R.Məmmədova qeyd etdi ki, hələlik, sülh sazişi ilə bağlı danışıqlar gedir, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Əgər SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı ilə olan xəritəsi üzrə hərəkət etsək, həmin ərazilər yenə də Azərbaycana qaytarılmalıdır: “Hələlik, Bakı ilə İrəvan arasında heç bir məsələ tam həllini tapmayıb. Həllini tapan yeganə məsələ Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıdır. Hazırda tərəflər bütün məsələlər üzrə addım-addım irəli getməyə çalışırlar. Delimitasiya prosesi başa çatdıqdan, tərəflər bir-birinin ərazilərini rəsmi qaydada, yazılı şəkildə tanıdıqdan sonra bizim əsgərlərimiz onların ərazisinə keçsə, o zaman nəsə deyə bilərlər. Həm Paşinyan, həm də onun güc strukturlarının rəhbərləri bunu çox yaxşı bilirlər”.
Politoloq onu da bildirdi ki, delimitasiya–demarkasiya prosesi tam yekunlaşdıqdan sonra kimin hansı ərazidə olduğu aydın bilinəcək. Onun sözlərinə görə, Ermənistanın indi bu məsələni gündəmə gətirməsi sülhdən yayınmaq istəməsinin daha bir göstəricisidir. Qərbdə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı olmayan dövlətlər, erməni diaspor və lobbisi bunu şişirdirlər. Ona görə də tərəflərin yaxın vaxtlarda görüşərək məsələləri müzakirə etməsi arzuolunandır.
Səxavət HƏMİD
XQ