“Dünyanın kəsişməsi”ndə “qısa qapanma”

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi” adlı “iddialı layihəsi”ni yenidən reklam etməyə başlayıb. Hökumətin “ağırçəkili” üzvləri də bu layihənin piarına qoşulub, ona, bir növ, ikinci nəfəs verməyə çalışırlar. İntəhası, bundan bir nəticə hasil olmur. Havadan asılı qalmış layihənin “təqdimatından” bir ildən çox keçsə də, onun reallaşacağına nə Ermənistanın özündə, nə də xaricdə inanan var. Məlumdur ki, utopik layihənin mahiyyəti Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında regional kommunikasiyalardan yararlanmaqdır.

“Mülki müqavilə”dən olan partiyadaşları ilə qapalı görüşdən sonra toplantını “özünütənqid günü” kimi yazan Nikol Paşinyan yenidən müəllifi olduğu “Dünyanın kəsişməsi” layihəsindən söz açıb.

Ermənistan Nazirlər Kabineti aparatının rəhbəri Araik Arutyunyan isə deyib ki, “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”nin başqa adı – red.) təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaqlar. Bundan sonra iranlı ekspertlər də gələcək. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “Sülh qovşağı” təşəbbüsünün müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək.

Bəs, Paşinyan hökumətinin “Dünyanın kəsişməsi” layihəsi üzərində belə israr etməsinin səbəbi nədir? Əvvəla, baş nazir bu layihənin Azərbaycan və Türkiyəsiz heç bir uğur qazanmayacağını yaxşı anlayır. Fəqət, buna baxmayaraq, onu əlində bayraq edib daxili və xarici platformalarda təqdim etməklə öz taktikasını həyata keçirmək istəyir. O, bununla Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə alternativ təqdim etməyi və bu məsələni gündəmdən çıxaracağını düşünür. Həm də 44 günlük müharibədən sonra Ermənistanı regionda sülhün təşəbbüskarı olan ölkə kimi göstərmək istəyir. Nəhayət, postmüharibə dönəmində “Dünyanın kəsişməsi” layihəsi ətrafında özünə bölgənin bəzi dövlətlərindən ibarət müttəfiqlər düşərgəsi yaratmağa çalışır. Paşinyanın buna müəyyən mənada nail olduğunu demək olar. Misal üçün, o, İranı “kəsişmə”nin toruna salmağı bacarıb. Axı İrəvan kimi Tehran da Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Onlar yeni layihəni Zəngəzur dəhlizinə alternativ kimi görürlər. Amma İrandan savayı, bölgənin heç bir dövləti Paşinyanın “dünyanın kəsişməsi”ni qəbul etmir və onu reallıqdan uzaq sayır.

Hayların baş naziri əlinə düşən hər fürsətdə özünü və başqalarını inandırmağa çalışır ki, bu layihə bölgə ölkələri üçün son dərəcə faydalıdır. Yəni Ermənistan ərazisindən keçən yol Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa dəmir yolu və avtomobil marşrutuna çevriləcək. Və nəhayət, Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, “Dünyanın kəsişməsi” ideyası, guya, Ermənistan hökumətinin həyata keçirmək niyyətində olduğu regional sülh gündəliyinin tərkib hissəsidir. Amma çoxsaylı təqdimatlar və baş nazirin nikbinliyi nə digər ölkələri, nə də potensial investorları bu layihənin perspektivinə inandıra bildi. Onun “kəsişməsi”nin “qısa qapanma” verdiyi əsas məqam məhz budur. Hətta Ermənistan ictimaiyyəti bu layihəni “ölü doğulmuş uşaq” adlandırır.

Digər səbəb odur ki, İrəvan iqtidarı başa düşdü ki, Azərbaycan və Türkiyə olmadan bölgədə hər hansı layihənin reallaşması mümkün deyil. Bakı üçün Paşinyanın dediyi şərtlərlə həmin layihədə iştirak məqbul sayılmır. Əlbəttə, Bakı beynəlxalq hüquqa uyğun olaraq “bütün nəzarət və idarəetmə infrastrukturu ərazisindən keçdiyi ölkənin suverenliyi və yurisdiksiyası altında olmalıdır” prinsipini qəbul edir. Onunla da razılaşırıq ki, beynəlxalq daşımalarda sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi vacibdir. Qalır Paşinyanın da bununla razılaşması. Əks təqdirdə, “Dünyanın kəsişməsi” layihəsi utopiyadan başqa bir şey olmayacaq. Yəni Ermənistanın Azərbaycandan yan keçəcək hər hansı layihəni reallaşdırmaq şansı yoxdur. İrəvan hətta özünün regionda yaxın müttəfiqi olan İranla belə ən qısa yolun çəkilişini təmin edə bilməyib. Xeyli müddətdir İrandan öz ərazisinə magistral yol, dəmir yolu çəkməyi arzulayan Ermənistan sonda etiraf etdi ki, bundan ötrü əlində lazımi miqdarda vəsait yoxdur. Elə bircə bu fakta söykənərək deyə bilərik ki, Paşinyanın sözdə qlobal layihə adlandırdığı “Dünyanın kəsişməsi”ni əməldə reallaşdırmaq, sadəcə olaraq, mümkün deyil.

İ.HƏSƏNQALA
XQ

Siyasət