Şəkidə beynəlxalq oftalmoloji simpozium

post-img

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin birgə təşkilatçılığı ilə bugünlərdə Şəkidə keçirilən II Beynəlxalq Simpozium başa çatıb. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən “XQ”-yə verilən məlumatda bildirilir ki, tibbi-elmi məclisin məqsədi oftalmologiya sahəsindəki son yenilikləri və nailiyyətləri müzakirə etmək, beynəlxalq təcrübələri öyrənmək, təkliflər irəli sürmək və regionun, eləcə də xarici ölkələrin oftalmoloqlarının bu yeniliklərdə iştirakını təmin etmək idi. Simpoziumun əsas mövzularından biri oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması  olub. 

Toplantıda Azərbaycanın tanınmış alimləri, Bakı və regionlardan gələn həkim heyəti, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistandan gələn oftalmoloqlar məruzələrini təqdim ediblər. Simpozium Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman, TCOD-un rəhbəri professor Öner Gelişken, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyevanın nitqləri ilə açılıb. Simpoziumda MOM-nin direktor müavini Ceyhun Nəzərli də iştirak edib. 

Bildirilib ki, belə beynəlxalq müzakirələr  Azərbaycan oftalmologiyasının inkişafına və ölkələrarası elmi əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verir. Çıxışlarda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyəti, ölkədə oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması istiqamətində görülən işlər, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikalarının fəaliyyəti haqqında geniş məlumat verilib, işğaldan azad olunmuş Laçın, Zəngilan və Füzuli kimi bölgələrdə keçirilən aksiyalar barədə söz   açılıb.

Simpoziumda “Qlaukoma zamanı minimal invaziv əməliyyatlar”, “Sadədən mürəkkəbə keratoplastikalar”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının 5 illik fəaliyyətinin təhlili”, “Üzdəki epilyasiyadan sonra lazerin səbəb olduğu ağır makula atrofiyası”, “Buynuz qişa perforasiyasının idarə edilməsi” və “Uşaqlarda travmatik kataraktanın cərrahi müalicəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

Z.BƏŞİRQIZI 
XQ

 

Son xəbərlər