Xatirələrdə gerçəyin payı...

post-img

İnsanlar bəzən keçmişdə baş verən hadisələri özləri də bilmədən təhrif edərək danışırlar. Məsələn, hansısa hadisənin şahidi olmuş 2 şəxsin hər biri baş verənləri fərqli nəql edir. Yalançı xatirələr yaddaşımıza haradan sızır? Hər bir xatirə gerçək və yalan arasında balanslaşdırılmış vəziyyətdə olur. Xatirələrin əksəriyyəti gerçək olaylardan götürülür, amma yenə də hər dəfə yada düşəndə forma və məzmun etibarilə az da olsa, dəyişikliyə məruz qalır. 

Norveç yazıçısı və araşdırmaçı Hilda Ötsbi “Dəniz atının ardınca suya baş vurmaq” əsərində yazır ki, “bu, ona görə baş verir ki, hər dəfə hansısa xatirəni yada salarkən biz boşluqları gerçəyə yaxın hadisə və təsvirlərlə doldurur, uyğun detalları tapıb hadisəni bəzəyirik”. 

Dünyanın yalançı xatirələr üzrə ən tanınmış elm adamı, amerikalı professor A.Hopvud bir gün qərara gəlir ki, insanların gündəlik həyatı, onların bu və ya digər dərəcədə dəyişdirdikləri həqiqətlərdən bəhs edən “Yalançı xatirələr arxivi” adlı bir layihə hazırlasın. Az sonra toplanan yalançı xatirələrin sayı görünməmiş həddə çatdı. Bəlkə də çoxları düşünür ki, danışdıqları hər bir hadisənin həqiqiliyinə əmin olduqları üçün xatirələrin həqiqi, doğru olduğuna özlərini inandırıblar. Xatirələr rekonstruktiv və dəyişkən olur. 

Əhvalat danışmağın mahir ustası Edqar Allen Po hələ 1884-cü ildə məhz aşırı təsiredici nitq bacarığı ilə amerikalıları inandırmışdı ki, hava şarı ilə Transatlantik uçuş artıq həyata keçirilib. Yazıçı bu fiksiyanı bərbəzəkli təsvirlərlə oxucuya həqiqət kimi təqdim etməyi bacarmışdı. Po əslində, gerçək həyatda baş verə biləcək detallardan yararlanmışdı. O, təsvir bacarığından ustalıqla istifadə etmişdi. Bu, onun üçün gerçəklə yalanın vəhdətindən yoğrulmuş oyun, eyni zamanda, böyük bir həzz qaynağı idi. Hər hansı bir hadisənin vacib, inandırıcı detallarla təqdim edilməsi daha böyük müvəffəqiyyətin qazanılması ehtimalını da yüksəldir. Po qəzet vasitəsilə camaatı aldatmaq üçün məhz bu üsuldan istifadə etmişdi. 

XX əsrin 60-cı illərində iki dahi – Çarli Çaplinlə Pablo Pikasso görüşəndə onlar arasında hansı söhbətlər olmuşdu? Çaplin xatırlayır: 

“Parisdən Romaya getməmişdən qabaq Lui Araqon mənə zəng edib dedi ki, Jan Pol Sartr və Pikasso mənimlə görüşmək istəyirlər. Onları yanıma, nahara dəvət etdim. Təkcə Araqon ingilis dilində danışırdı. Sartr isə, deyəsən, düşüncələrini bizimlə bölüşmək fikrində deyildi. Sifətdən istehzalı görünən Pikasso isə yumor hissi olan adama bənzəyirdi. Nahar qurtarandan sonra axşam Pikasso bizi emalatxanasına apardı. Tavanın pərdisindəki mismara bənd edilmiş məftildən elektrik lampası asılmışdı, onun işığında  biz köhnə, laxlayan çarpayını və uçmuş buxarını gördük”. 

Lui Araqon isə bu görüşü başqa cür xatırlayır. Düşüncələrini bölüşmək istəməyən yazıçı Jan Pol Sartr, ümumiyyətlə, bu görüşdə olmayıb. Görüşdə Çaplini hələ Amerikadan tanıyan və ingilis dilini gözəl bilən Vladimir Pozner iştirak edib. O axşam isə Pikassonun emalatxanasında nədənsə işıq yanmırmış...Göründüyü kimi, əhvalat bir-birindən köklü şəkildə fərqlənir. Çox mümkündür ki, bu tarixi görüş haqqında Pikasso da öz xatirələrini çap etdirsəydi, o zaman başqa bir variant da əlimizdə olardı. Hər şey onların gözləri qarşısında baş verdiyi halda yazılarında bəzən əslində olmayan lövhələri təsvir edirlər. “Yalançı xatirələr arxivi” bu cür faktlarla zəngindir. 

Görkəmli kino tarixçisi Jorj Sadul belə bir faktı nəql edir. Faşistlər hakimiyyət başına gələndən sonra alman dramaturqu Fridrix Volf Almaniyadan SSRİ-yə mühacirət edir. 1934-cü ildə o, əsasında antifaşist film çəkilmiş və böyük müvəffəqiyyət qazanmış “Professor Mamlok” pyesini yazmışdı. 1941-ci ildə Moskva ətrafında döyüşlər zamanı o, hərbi müxbir kimi cəbhə xəttinə gedir. Bir dəfə Volfu sovet ­patrulu saxlayır. Ön xətdə alman jurnalistinin peyda olması şübhəli görünür. Onun şəxsiyyətini müəyyən etməyə çalışırlar. Volf deyir ki, o, “Professor Mamlok” pyesinin müəllifidir. Pyesin məzmununu danışmağı ondan xahiş edirlər. Müəllifin danışdığı vaxtilə pyesin tamaşaçısı olmuş əsgərlərin xatirələri ilə uyğun gəlmir. Nəhayət, Volf casus olmadığını başqa yolla sübut etmək məcburiyyətində qalır. 

Beləcə, təsəvvür və xatirə arasında uçurum yaranır. Həqiqi olmayanlar həqiqət kimi qələmə verilir. Hər hansı bir xatirə həyatımızdakı hansısa hadisənin videoyazısı deyil, beynin keçmiş zamana aid nostalji bir durumudur. Xatırlamaq üçün o hadisə yenidən dirilməlidir. Hadisələr isə fərqlidir, onlar neyronların fərqli konfiqurasiyasını yaradır. Hər bir hadisəni həyatınızın fərqli dönəmlərində fərqli formalarda xatırlayırsınız. Çünki indiki zaman keçmiş zamanın rənglərini dəyişdirir. Xatirələrin forma dəyişdirə bilməsi ilə bağlı ilk informasiyalar ingilis alimi, professor Elizabet Loffusdan gəlir. Loffus xatirələrin nə qədər kövrək ola biləcəyini göstərərək yaddaş araşdırmaları sahəsindəki təsəvvürləri dəyişdirib. O özü də saxta xatirələr ustası idi. 

Bir məsələ də var ki, insan mahiyyətcə unutqan varlıqdır. Unutmaq, yaxud yaddaşla bağlı manipulyasiyalar təkcə tarix üçün deyil, insanlıq üçün də ciddi problemlər yaradır. 

Kənan HACI, 
yazıçı-publisist

 

Sosial həyat