“Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib

post-img

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin (MƏAK İB) təşkilatçılığı ilə oktyabrın 24-də “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olundu. Tədbirdə minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının əməkdaşları, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov bildirmişdir ki, mina qurbanlarına hər tərəfli dəstəyin göstərilməsi minalara qarşı aparılan fəaliyyətin beş əsas sütünundan biridir. Mina qurbanlarına yardım beynəlxalq qanunvericilikdə - minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyasında (Ottava Konvensiyası), Kasetli Silahlara dair BMT Konvensiyasında, Minalara qarşı Fəaliyyətə dair Beynəlxalq Standartlarda təsbit olunub. .

Kimlər mina qurbanı hesab olunur. Beynəlxalq hüquqa görə mina qurbanları mina partlayışı nəticəsində həlak olan və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bundan başqa  minaların birbaşa təsirinə məruz qalanlar, onların ailə üzvləri və yaşadıqları icmalar da mina qurbanı hesab edilir. 

MƏAK İB keçmiş SSRİ-də ilk dəfə olaraq 2003-cü ildə keçmiş SSRİ ərazisində ilk dəfə olaraq Azərbaycanda mina qurbanlarının vahid məlumat bazasının yaradılması, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi layihəsini həyata keçirmişdir. Layihə ABŞ Dövlət Departamentinin Minaların Təmizlənməsi və Mina Qurbanlarına Yardım üzrə Beynəlxalq Etimad Fondu (Sloveniya) vasitəsilə maliyyə dəstəyi ilə Azərbaycanın 8 şəhər və rayonunda həyata keçirilmişdir. Mina qurbanlarının gündəlik ehtiyaclarının öyrənilməsi (hansı şəraitdə mina qurbanı olması, yaralanma dərəcəsi, sağlamlıq, psixoloji durum, ortopedik məmulatlara ehtiyac, hüquqi problemlər, iqtisadi və sosial vəziyyət, yeni bilik və bacarıqlara yiyələnmək istəyi) üçün hazırlanmış sorgu anketi ilə həyata keçirildi. Bu layihə çərçivəsində aparılan təhqiqat zamanı mina qurbanları yuxarı və aşağı ətrafların itirilməsi, eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsi, görmə qabiliyyətinin tam və ya qismən itirilməsi, baş və boyun nahiyəsində xəsarət, qarın boşluğunda və sinə nahiyəsində xəsarət, parçalanma xəsarətləri, yanıqlar, paraplegiya (hərəkətin itməsi) və psixoloji travma daxil olmaqla müxtəlif xəsarətlər aldıqlarını bildirmişlər. Döyüş əməliyyatlarında iştirak edərək mina qurbanları  posttravmatik stress pozuntusundan ciddi əziyyət çəkirlər. MƏAK İB-nin görüşdüyü mina qurbanları bir və ya bir neçə əzasını itirmiş, həyat yoldaşının himayəsində olduqlarını,  ailədə orta məktəbdə oxuyan uşaqlarının olduğunu, mina qurbanı olduqdan sonra onların iş və ya təhsil imkanlarının ciddi surətdə azaldığını bildirmişlər. Mülki mina qurbanlarını ən çox narahat edən məsələlər işsizlik,  mənzil şəraiti, özlərinin və ailə üzvlərinin əsas ehtiyaclarını təmin edə bilməməsi, keyfiyyətli ortopedik məmulatlarla təmin olunmamasıdır. 

Mina partlayışları nəticəsində zərərçəkənlərin davamlı tibbi və reabilitasiya yardımına, onların yeni peşələr üzrə işlə təmin olunması üçün peşə hazırlığına ehtiyacları var, həmçinin Azərbaycan qanunlarında nəzərdə tutulmuş hüquqları barədə maarifləndirilməlidirlər. 

Bir il sonra ANAMA yerli tərəfdaş QHT-lər vasitəsilə belə bir layihəni bütün ölkə üzrə həyata keçirdi və alınan nəticələr demək olar ki, üst-üstə düşürdü. 

Ehtiyacların öyrənilməsi layihələrinin nəticələrinə əsaslanaraq biz prioritet istiqamətlərimizi müəyyən etdik və bundan sonra konkret sahələrə uyğun layihələr həyata keçirildi. Ölkənin 56 şəhər və rayonunda 68 dəfə hüquqi, psixoloji yardım və iqtisadi inteqrasiya ilə bağlı maarifləndirici seminarlar keçirilmişdir. Mina qurbanlarına və digər müharibə əlillərinə 6000 ədəd hüquqi maarifləndirici broşür çap olunaraq paylanmışdır. İqtisadi cəhətdən inteqrasiya olunma üçün Minalar Əleyhinə Beynəlxalq Kampaniyanın hazırladığı «101 çox yaxşı ideya » məlumat vərəqi 1000-dən çox mina qurbanına verilmişdir.   

2007-ci ildən başlayaraq keçmiş Şərqi Avropada və SSRİ ərazisində ilk dəfə olaraq Azərbaycanın 7 şəhər və rayonunda – Gəncə, Qazax, Tovuz, Tərtər, Ağdam, Ağcabədi və Füzulidə - minadan zərər çəkmiş şəxslərə kiçik biznes qurmaq üçün faizsiz maliyyə vəsaitlərinin verilməsi layihələri həyata keçirilmişdir. Bir neçə belə layihənin donorları AR QHT Dövlət Dəstəyi Agentliyi, İsveçrə Mina Qurbanlarına Yardım Fondu, Kanada səfirliyi, Avstriya və Koreya hökümətləri, İnsan Təhlükəsizliyinin Artırılmasına Beynəlxalq Etimad Fondu və Minalar Əleyhinə Beynəlxalq Kampaniyası olmuşdur. 

Ölkənin 3 Universitetində - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universitetində mina qurbanlarının iştirakı ilə professor – müəllim heyəti və tələbələr üçün maarifləndirici seminarlar təşkil edilmişdir.  

Son xəbərlər