“Şəhid ailələri və müharibə veteranları ilə iş” layihəsi çərçivəsində yekun görüş keçirilib

post-img

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə veteranları ilə iş” layihəsi çərçivəsində yekun görüş keçirilib.

Milli QHT Forumunun ofisində keçirilən yekun görüşdə birliyin sədri Bəhruz Məmmədzadə, QHT Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü Zaur İbrahimli, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rzazadə, ekspert İlqar Hüseynli, hərbi ekspert Elxan Şıxəliyev və qazilər iştirak ediblər. Görüşdə şəhid və müharibə veteranları ailələri ilə işlə bağlı çətinliklər və həll yolları müzakirə olunub. Tədbirin təşkilatçısı olaraq Bəhruz Məmmədzadə layihənin əhəmiyyətini vurğuladı və bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü Agentliyin layihəyə dəstəyinin əsas məqsədinin qazilərin və şəhid ailələrinin sosial hüquqlarının qorunması olduğunu bildirib.

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rzazadə sosial rifah və psixoloji dəstəyin bu qəbildən tədbirlər vasitəsilə təmin edilməsinin önəmini vurğulayıb.

Ekspert İlqar Hüseynli problemlərin həlli üçün hüquqi marifləndirmənin vacibliyindən danışdı və hüquqi yardımların daha da genişləndirilməsini təklif edib. 

Hərbi ekspert Elxan Şıxəliyev  hərbi sahədə olan çətinliklərin həlli və qazilərə dəstək mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. 

Bu istiqamətdə layihələr şəhid ailələri və müharibə iştirakçıları üçün həm hüquqi, həm də psixoloji dəstəyi təmin etmək məqsədi ilə həyata keçirilir və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

XQ

 







Sosial həyat