Quterreş BMT-nin türk xalqı ilə həmrəy olduğunu bildirib

post-img

BMT-nin baş katibi Antonio Quterreş Türkiyənin TUSAŞ aerokosmik şirkətinin Ankaradakı obyektinə edilən terror aktını kəskin şəkildə pisləyib. Məlumatı “Anadolu” verib. 

O, açıqlamasında “BMT türk xalqı və hökuməti ilə həmrəydir” deyə bildirib.

BMT-nin baş katibi həmçinin Türkiyə paytaxtının Kahramankazan bölgəsində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Türkiyənin TUSAŞ aerokosmik şirkətinin obyektində törədilən terror aktı nəticəsində 5 nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını bildirib.

Daxili işlər naziri TUSAŞ-ın obyektində törədilən terror aktı nəticəsində yaralanan 22 nəfərdən ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Onun sözlərinə görə, hücumda böyük ehtimalla terror təşkilatı PKK iştirak edib: “Aydınlaşdıqca şəxsiyyət və digər sübutları paylaşacağıq”.

Nazirin sözlərinə görə, hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib, terrorçulardan biri qadındır.

P.ƏMİRCANOV
XQ

Dünya