TDT səhiyyə nazirlərinin IV iclası Şuşada keçirildi

post-img

Türk Dövlətləri Təşkilatının və Azərbaycanın Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. Baş katib müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulayıb: “Səhiyyə sahəsində əməkdaşlığımızda mühüm nailiyyət kimi biz səhiyyə nazirlərinin “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.

Səhiyyə naziri Teymur Musayev TDT-nin səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. O, Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” sözlərini xatırladıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra regionda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir.

Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın Səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygar və Macarıstanın nümayəndəsi Türk Dövlətləri Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.

Tədbir çərçivəsində “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.

Son xəbərlər