COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı təzyiqləri və hücumları daha da güclənməkdədir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bildirilir ki, “Amnesty International” və “Human Rights Watch” təşkilatları yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər.
"Bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında icmamızın “Amnesty International” və “Human Rights Watch”a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir.
Biz “Amnesty International” və “Human Rights Watch”un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq", – deyə bəyanatda deyilir.
***
QAİ-nin yaydığı digər bəyanatda bildirilir ki, ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində Qərbi Azərbaycan İcması tərəfindən Varşavada qayıdış hüququ mövzusunda yan tədbir keçirilib.
Tədbirdə moderatorluğu şərhçi və jurnalist Dr. Harvey Dzodin edib. Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən çıxış edərək, Ermənistanın törətdiyi etnik təmizləmə, icmanın qayıdış hüququ sahəsində gördüyü işlərdən danışıb. Bosniya və Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlük ilə bağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsinin barışıq üçün zəruri şərt olduğunu qeyd edib.
Tədbir beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların problemlərinə və onların qayıdış hüququnun təmin edilməsi məsələsinə yönəltmək üçün faydalı olub.
XQ