Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun tələbələri və magistrləri üçün “Qərbi Azərbaycana qayıdış” şüarı altında “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda mühazirələr təşkil edilib.
Tanınmış ədəbiyyatşünas alim, professor Mahirə Hüseynova tərəfindən oxunan mühazirələrdə tələbələrə xalqımızın Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə geniş məlumat verilib.
Bildirilib ki, erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yerlərdən didərgin düşməsindən sonra orada Azərbaycan xalqı tərəfindən əsrlər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. O torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır, bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır.
Diqqətə çatdırılıb ki, Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar respublikamızın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşasalar da, hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər.