Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.
Görüşdə Azərbaycan və Avropa Şurası arasında mövcud gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanaraq hər zaman Avropa Şurasının təsisatları ilə əməkdaşlığa açıq olduğu bildirilib. Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq etməməsinə dair qərarının əsassız və açıq şəkildə qərəzli olmaqla yanaşı, dialoqa xidmət etmədiyi vurğulanıb.
Tərəflər arasındakı bütün fikir ayrılıqlarının dialoq, qarşılıqlı hörmət və anlaşma vasitəsilə həll edilməli olduğu, Azərbaycan tərəfinin Avropa Şurası və onun təsisatlarından gözləntisinin də məhz bundan ibarət olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatından bəhs edib.
***
BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq ilə də görüşüb.
Görüşdə Azərbaycan və Malta arasında qarşılıqlı hörmətə əsaslanan dostluq və faydalı əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin ATƏT gündəliyində duran məsələlər və regional inkişaflar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin əsas prioritetləri barədə məsələlərə toxunulub.
Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Maltanın ATƏT sədrliyi ilə mümkün əməkdaşlıq barədə də müzakirə aparılıb.
Postmünaqişə dövründə regionumuzda mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amil olduğu vurğulanıb. Eyni zamanda, Ermənistan tərəfindən Minsk Qrupu kimi aktuallığını itirmiş təsisatların gündəmdə saxlanılması səylərinin qəbuledilməzliyi diqqətə çatdırılıb.
***
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna, İranın xarici işlər naziri Seyid Abbas Ərağçi, İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
XQ