Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

post-img

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bu barədə XQ-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə deyilir: “Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.

Yola saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.

Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturunun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçmələri, qəflətən yolun hərəkət hissəsinə çıxmaları, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük vermələri, bir sözlə, öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirmələri sonda acı nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!”.

Son xəbərlər