Sentyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub.Tərəflər, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.
Söhbətdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluq ifadə edilib.
* * *
“Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir”.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
Mətbuat katibi, həmçinin qeyd edib: “Əvvəla bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.
Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Respublikamızda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ölkəmizin müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrarlayırıq.
Biz Niderland tərəfini Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan, regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
* * *
Ayxan Hacızadənin digər açıqlamasında sentyabrın 16-da Ermənistanın ABŞ-dakı səfirliyində Müstəqillik Günü tədbirində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı ittihamı şiddətlə pislənilib və qətiyyətlə rədd edilib:
“Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır.
Azərbaycanın tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb”.
Açıqlamada daha sonra deyilir ki, antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistanın baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə sentyabrın 2-də ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil: “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni həvəs nümayiş etdirməyən uzaqgörməz siyasəti və mövcud reallıqlardan xəbərsizliyi ziyanlıdır, regionda sülh və təhlükəsizlik naminə heç bir nəticə verməyəcək".
XQ