Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” mövzusunda müzakirə keçirilib.
ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında daimi nümayəndəsi Florian Rauniqin moderatorluğu ilə keçirilmiş tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev də çıxış edib.
Nazir müavini cari ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına ev sahibliyi edəcəyini bildirib, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər barədə məlumat verib.
ATƏT nümayəndəsi B.Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğunu bildirib və ATƏT-in COP29-da iştirak planlarından danışıb.
Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin fikirləri dinlənilib, sualları cavablandırılıb.
XQ