Sentyabrın 13-də Moskvada Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanovun sədrliyi ilə Azərbaycan–Rusiya Maliyyə Dialoqunun birinci iclası keçirilib.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə ənənəvi olaraq qarşılıqlı etimada əsaslandığını və konstruktiv xarakter daşıdığını vurğulayan Anton Siluanov bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf potensialı və ortaq maraqlar maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verir.
S.Şərifov isə bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı məmnunluq doğurur və qarşılıqlı fəaliyyətin əhatə dairəsi ildən-ilə genişlənir. Nazir bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.
Dialoq çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq, maliyyə nazirləri iki ölkənin maliyyə sahəsində maraqlarına cavab verən təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımlar atmaq və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
XQ