Ölkəmizdə səfərdə olan türkiyəli alimlərlə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin görüşü olub.
Qardaş ölkənin elmi qurumları ilə yaradılmış geniş əlaqələrin əhəmiyyətindən danışan akademik İsa Həbibbəyli bütün elm sahələrini əhatə edən bu əməkdaşlığın gündən-günə inkişaf etdiyini vurğulayıb.
Ankara Hacı Bayram Vəli Universitetinin Lisansüstü Təhsil İnstitutunun “Ədəb-ərkan” elmi jurnalının rəhbəri – professor, doktor Əhməd Taşğın çalışdığı universitetdə aparılan elmi tədqiqat istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin rəhbərlik etdiyi elmi jurnalın fəaliyyəti haqqında danışan türkiyəli professor AMEA-nın elmi nəşrləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə yüksək impakt faktorlu jurnalların elmi bazalara inteqrasiya məsələləri də müzakirə olunub, AMEA ilə Türkiyə universitetinin elmi nəşrlər sahəsində əməkdaşlığının genişləndirilməsi barədə razılıq əldə edilib.
“Ədəb-Ərkan” elmi jurnalının əməkdaşı Hakkı Taşğın və Kastamonu Universitetinin əməkdaşı, doktor Namiq Musalı da görüşdə iştirak ediblər.
XQ