Şimal–Cənub dəhlizində “Ulyanovsk–Bakı–Astara” marşrutu

post-img

Ulyanovsk vilayəti ilə Azərbay­can arasında dostluq münasibətləri var. Bu münasibətlər bütün sahələr­də, o cümlədən iqtisadiyyatda möh­kəmləndirilır. Hazırda vilayətdən Azərbaycana avtomobil, avtomobil hissələri, neft və qaz sənayesi üçün məhsullar, mebel, qida məhsulları və s. ixrac olunur. Eyni zamanda, elm, idman və mədəniyyət sahələ­rində də əlaqələr genişlənir. 

Sentyabrın sonuna nəzərdə tutulan “Ulyanovsk (Rusiya) – Bakı (Azərbay­can) – Astara (İran)” marşrutu üzrə birbaşa yük qatarının yola salınması bu əlaqələ­rin nəticəsidir. Bu barədə Ulyanovsk vi­layətinin qubernatoru Aleksey Russkix bildirib. Qubernatorun sözlərinə görə, “Ulyanovsk–Bakı–Astara” yük qatarı­nın ilk heyəti “Orta Volqa–Xəzər–Fars körfəzi” dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək: “Rusiya Dəmir Yollarından şad xəbər gəldi. “Ulyanovsk–Bakı–Astara (İran)” birbaşa yük qatarının marşrutu ilk dəfə təsdiqləndi”. 

Qatar, azı, 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir. Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların – aqrar, ağac emalı məhsulları və sənaye mallarının daşınması üçün nəzərdə tutulub.

Russkix əlavə edib ki, qatarın Azərbay­can, İran və qonşu ölkələrdə istehsal olu­nan mallarla yenidən yüklənməsi məsələsi də öz həllini tapır: “Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəh­lizinin bir qoludur. Dəhlizin dəmir yolu bölməsi daşıma qabiliyyətini və həcmini 15 milyon tondan 30 milyon tona çatdır­maq üçün modernləşdirilir. 

Qatarın yola düşməsi qərarı isə Rusiya Prezidenti Vladimir Putinin dost ölkələrlə yeni logistik marşrutların inkişafı ilə bağlı göstərişinə uyğun olaraq qəbul edilib və qu­bernator Aleksey Russkixin Azərbaycana səfəri zamanı ətraflı işlənib. Ulyanovsk vi­layəti və Azərbaycan arasında “Ulyanovsk–Bakı–Astara (İran)” ixrac-idxal qatarı­nın istifadəyə verilməsi müzakirə olunub. Layihənin əsas logistik tərəfdaşları ilə bu il mayın 29-da saziş imzalanıb. Həmin sənədlərə əsasən, “AGT Cargo” və “TEZ Logistics” şirkətləri ilə əməkdaşlıq kənd təsərrüfatı və sənaye yüklərinə ekspeditor müşayiətini təmin edəcək. Azərbaycanın ən böyük yük terminalı olan “Abşeron logistika mərkəzi” şirkəti yüklərin saxlan­masını və yenidən bölüşdürülməsini həya­ta keçirəcək. Qubernator Aleksey Russkix sonra bunları qeyd edib: “Azərbaycan Də­mir Yolları” QSC-nin sədri Rövşən Rüstə­movla danışıqlar aparılıb. Azərbaycanlı həmkarlarımız və Rusiya Dəmir Yolları ilə birlikdə blok qatarımızın marşrutunun layihələndirilməsi tamamlanıb. Qatarın işə salınması çatdırılma müddətlərini və daşınma xərclərini azaldacaq, həmçinin dayanıqlı hərəkət heyəti yaradacaq. Biz Azərbaycana və Fars körfəzi ölkələrinə tədarükləri sistemləşdiririk. Ulyanovsk vilayətindən və qonşu regionlardan yeni yükgöndərənləri ixraca cəlb edəcəyik”.

Marşrut üzrə Ulyanovsk müəssisələri taxıl, un, avtomobil hissələri, tikinti ma­terialları, ağac emalı məhsulları və mebel ixrac edə biləcəklər. Eyni zamanda, Azər­baycan tərəfi də öz mallarını bu qatarlar vasitəsi ilə həm Rusiyaya, həm də Asi­ya ölkələrinə ixrac imkanları qazanacaq. Bağlanmış sazişlər, həmçinin Ulyanovsk vilayətinin və Azərbaycan Respublikasının müəssisələrinin logistika xidmətlərindən birgə istifadəsini nəzərdə tutur. 

“Mənim biznesim” regional mərkəzi­nin rəhbəri Ruslan Qayetdinov bildirib ki, yüklər yenidən bölüşdürülməsi və daha sonra qonşu regionlara göndərilməsi şərti ilə Bakıdan keçəcək. Qatarın son nöqtə­si İran ərazisindəki Astara olacaq. “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” logis­tika layihəsi qərb dəmir yolu dəhlizinin fəaliyyətini təmin edəcək və həm ixrac, həm də idxal yüklərinin ən qısa müddətdə çatdırılmasına imkan verəcək. O, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə həyata keçirilən “Kiçik və Orta Müəs­sisələr” və “Beynəlxalq Əməkdaşlıq və İxrac” milli layihələri çərçivəsində baş tutacaq. Layihə Azərbaycana mövcud tə­darüklərin, İran, İraq, Əfqanıstana tranzit daşımaların sistemləşdirilməsinə kömək edəcək, həmçinin təkcə Ulyanovsk vilayə­tindən deyil, həm də qonşu regionlardan yeni yükgöndərənlərin ixrac tədarükünə cəlb olunmasına şərait yaradacaq. Potensi­al olaraq marşrut hər iki istiqamətdə istə­nilən yükün çatdırılması üçün əlverişlidir. Bunlar kənd təsərrüfatı və emal məhsulla­rı, tikinti materialları, sənaye malları ola bilər”. 

Qeyd edək ki, “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” ticarət və logistika dəhlizinin həyata keçirilməsi Rusiyanın Azərbaycan və Yaxın Şərq ölkələri ilə ti­carət dövriyyəsinin həcmini əhəmiyyətli dərəcədə artırmağa, Volqa boyu gəmiçi­liyi inkişaf etdirməyə kömək edəcək əsas layihələrdən biridir. Bu çərçivədə Çay və liman infrastrukturunun modernləşdirilmə­si gündəmə gələcək. 

Bu marşrut Şimal–Cənib dəhlizinin bir qoludur, layihənin Rusiya və Azərbaycan üçün çox əhəmiyyətli olduğunu göstərir. Rusiyanın Dünya İqtisadiyyatı və Bey­nəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin bu barədə deyib: “Azərbaycan bir sıra mü­hüm addımlar ataraq Şimal-Cənub mar­şrutunun təşviqində mühüm rol oynayır. Dəhliz layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusi­ya ilə Azərbaycan arasında ikitərəfli mü­nasibətlərin inkişafında töhfədir. Marşrut sayəsində ölkələr arasında ticarət dövriy­yəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşa­ğı düşüb. Şimal–Cənub dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan, öz növbəsində, bütün razılaş­maları yerinə yetiriblər və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağ­lanan qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə təbii ki, bu, tranzit potensialını artırmağa və ondan səmərəli istifadəyə im­kan verəcəkdir.

Pünhan ƏFƏNDİYEV
XQ

İqtisadiyyat