Daşlı bulağın daş yaddaşı

post-img

Qardaşxan Bəylər oğlu Xıdırov Zəngəzur mahalının Şəki kəndində anadan olub. Ötən əsrin əvvəllərində onun adı nəinki Gorus, eləcə də Nax­çıvan, Qubadlı, Laçın, Kəlbəcər və Qarabağ bölgəsində dillər əzbəri olub. Qaçaqlığı, igidliyi indi də xalqın yad­daşında, xatirələrdə yaşayır. 

Qardaşxan təsadüfən qaçaq olmayıb. Ermənistanda Sovet hakimiyyəti quru­landan sonra da erməni millətçiləri yenə öz məqsədlərindən əl çəkməyiblər. Onlar qədim oğuz torpaqlarında yaşayan gözə­gəlimli igidləri müxtəlif yollarla aradan götürmək üçün hər cür tələ qurublar. Xalqı doğma od-ocağından baş götürüb getməyə məcbur ediblər. Qeyrətli igidlər isə bu haq­sızlıqlara dözməyərək erməni cəlladlarına və rus çinovniklərinə qarşı gizli müba­rizəyə başlayıblar. 

El-obanın sayılan, qorxmaz oğulların­dan biri olan Qardaşxan da gənc yaşların­dan ermənilərə qarşı amansız olub. Buna görə də daşnaklar hər cür yolla onu həbs etməyə çalışıblar. Nəhayət, bəhanə tapıb bir gün onu həbs ediblər. Lakin o, rayon mərkəzinə gedən yolda – Söyüdlü bu­laq deyilən yerdən qaçıb. Həmin vaxtdan Qardaşxanın qaçaqlıq həyatı başlayıb. Az sonra onun başına xeyli igid yığışıb və on­lar uzun illər Zəngəzur və ətraf bölgələr­də soydaşlarımızı erməni daşnaklarından mərdliklə qoruyublar....

Qardaşxan Bəylər oğlu Xıdırovun qəh­rəmanlığı haqqında Xalq yazıçısı Əli Vəli­yevin “Qəhrəman” romanında bəhs edilir. Aşıq Şəmşir onun haqqında xatirələrində yazır: “ Qardaşxan çox cəsarətli qəhrəman idi. İki dünya bir olsaydı dediyi sözü, ver­diyi vədi yerinə yetirməliydi. Bir dəfə Kəl­bəcərin Ala qaya kəndində idik. Qardaşxan öz dəstəsi ilə toy məclisinə gəldi. Mübarək elədi, nəmər verdi. Toyda daha da şənlik yaratdı. Gedəndə dedi ki, aşıq Şəmşir, qoy, sənin sazınla mənim beşatılanım Vətənin azadlığı uğrunda həmahəng səslənsin!..”

...Yamyaşıl otların üstünə sərilmiş yapıncıya bürünüb uzanmışdı, başını yəhərin üstünə qoymuşdu. Gecəni yuxu­suz qalsa da yata bilmirdi. Ona rahat­lıq verməyən kənddən gələn xəbər idi. Taygöz Sərkisin oğlu Akop yaylaqda iki qadını ağaca bağlatdırıb o ki var döy­dürmüşdü. Üstündən iki saat keçmiş onlardan biri canını tapşırmışdı. Akop isə öz dəstəsini yığıb gedərkən qışqı­ra-qışqıra deyirmiş:

– Bəs, hanı sizin o Bəylər oğlu Qar­daşxan? Nə qədər ki, onun başını öz əllə­rimlə üzməmişəm, sizə dinclik yoxdu...

Döyülməkdən ölmüş qadının dörd uşağı qalmışdı. Körpələrin səsi elə bil Qardaşxanın qulağına dolmuşdu. Nə illah eləyirdisə o iniltilər, fəryadlar kəsilmək bilmirdi. Onu yatmaya qoymayan da elə bu səslər idi. Yuxusuzluqdan gözləri qan çəkmiş, şişmişdi. Elə bil bir ovuc torpaq tökmüşdün çuxura düşmüş gözlərinə, göyüm-göyüm göynəyirdi. Silah gəzdir­məkdən, daş-qaya, kol-kos arasında yuva bağlamaqdan qaxaca dönmüş barmaqla­rı ilə hey alnını ovxalayırdı. Çalışırdı ki, dəstədəkilər, xüsusilə, ata kimi hörmət etdiyi, həmişə məsləhət aldığı Hüseyn kişi bu pərtliyi, darıxmaqlığı hiss etməsin, duymasın. Silah yoldaşları Qardaşxanın ürəyindən keçənləri elə bil gözlərindən oxuyurdular. Lakin təkcə Hüseyn kişidən başqa heç kəs ürək edib ona bircə kəlmə də söz deyə bilmirdi. Çünki bilirdilər ki, onsuz da Qardaşxan bu qanı yerdə qoyma­yacaq. Taygöz Sərkisin oğlu lap dünyanın o başına getsə də Qardaşxan onu tez-gec tapacaq. Bəlkə də iki-üç gün bu qayalıqda yatmaqda da elə məqsədi budur. Ancaq o, fikrini qabaqcadan açıb demirdi. Bu səhər demişdi ki, Hüseyn dayı, ürəyimə damıb ki, gavur oğlu gavur bu gün bu yoldan keçəcək. Neçə nəfər olsalar da gərək Ako­pu ələ keçirək.

Hüseyn kişi bu söhbətdən sonra Ayazı özlərindən bir qədər aralı olan qoz ağacına çıxarmışdı. Şəki kəndinin yolları bu ağac­dan əlin içi kimi görünürdü. Motal Şah­verdinin oğlu Ayaz tez-tez aşağıya işarə ilə məlumat çatdırırdı. Onun verdiyi son məlumatda bildirilirdi ki, kəndin Toppuzlu məhəlləsində nə isə böyük yanğın var...

Araya sükut çökmüşdü. Hamı Qar­daşxanın danışmasını gözləyirdi. O isə susurdu. Axırda Hüseyn kişi dilləndi:

– Oğul, ürəyindən keçənləri bilirəm. Darıxma. “Yüz fikir bir borcu ödəməz”, – deyiblər. Qurban olduğum heç kimin haqqını heç kimdə qoymayıb. Səbirli ol. Bax, bu igidlər var ha, hər biri sabah bir obanı qorumağa qadirdi...

Bu arada İmran daşın dalından çaxıb qaranəfəs dedi:

– Hüseyn dayı, Ayaz deyir ki, kənd yo­lunda atlılar var. Bizə tərəf gəlirlər.

Qardaşxan uzandığı yerdən dik atıl­dı. Üzünü İmrana tutub: 

– Hərə öz yerində möhkəm dursun. Heç kəs əlini tərpətməsin. Milislər olsa buraxın getsinlər. Yox, o gavur törəməsi olsa, işarəmi gözləyin. Tez uşaqlara çatdır dediklərimi. 

Hüseyn kişi qoşalüləni götürüb mamır­la örtülmüş iri daşın arxasına keçdi. Daraq­dan iki patron çıxarıb tüfəngin gözlərinə qoydu. Sonra səbirsizliklə yola baxmağa başladı… 

Az sonra yolda 3 atlı göründü. Onlar bir az irəlilədilər və dayandılar. Ətrafı seyr etdikdən sonra öz aralarında nə isə danışdı­lar. İkisi atdan düşüb tüfəngini çiyinlərinə aşıraraq dərəyə enən cığırla getməyə başla­dı. Daşlı bulağa doğru gedirdilər. Arxadakı uzundraz o tərəf-bu tərəfə çox baxırdı. Qa­baqdakı isə özündən razı halda yeriyirdi.

Qardaşxan onu tanıdı. Bir anda nifrət hissi boğazını tıxadı. Çətinliklə nəfəs aldı. Döyülən qadınların ah-naləsi, yetim qalan körpələrin qan donduran qışqırığı elə bil indicə qulaq pərdələrini dağıdacaqdı. Əlləri ilə bir anlığa qulaqlarını qapadı. Sonra bo­yun damarlarını sıxdı. Bir qədər sakitləşdi və özünü ələ aldı...Deməli, yanılmamışdı. Onların buraya gəlişi də, əlbəttə, səbəb­siz deyildi. Şübhəsiz, Qardaşxanın izinə düşmüşdülər. Bəs, niyə belə saymazyana? Cəmi üç nəfərlə? Bəlkə bu, bir tələdi...

Vaxt itirmək olmazdı. Bir də görərdin ki, güllə səsinə Gorusun milis dəstələri tö­küldü bura. 

Qardaşxan Hüseyn kişiyə dedi:

– Hüseyn dayı, uşaqlara çatdır ki, atları və atları saxlayanı sakitcə aradan götürsün­lər. Taygözün oğlu ilə mən özüm görüşə­cəm. Ancaq siz arxadan cığırı bağlayın, öz­lərini kola-kosa vurub aradan çıxmasınlar.

O, beşatılanı yoxlayıb bir andaca göz­dən itdi. Daşlı bulağa tərəf gedirdi. Yenə qulaqlarında uğultu vardı. O səs, o dəhşətli uğultu Qardaşxanın ürəyində nifrət hissini daha da artırır, onu rahat buraxmırdı. Nə qədər özünü ələ almağa çalışsa da, bədəni titrəyirdi... 

Yenə gözləri göynəyirdi. Ancaq indi heç nəyin fərqinə varmadan dərəyə enən başqa bir yolla bulağa tələsirdi. O, çoxdan gözlədiyi bu görüşdə deməli və etməli ol­duğu hər şeyi ürəyində təkrarlayırdı. Bu, başqa görüş olmalı idi. O, görüş yerinə birinci çatdı və ağacın arxasında dayandı. Buradan geniş talanın kənarındakı bulaq aydın görünürdü. 

Qardaşxan bulağa tərəf baxa-baxa bir facəni xatırladı. O hadisə mayın son gün­lərində olmuşdu. Qonşuları Almurad ki­şinin yeganə oğlu Əhməd bu ətrafda mal otararkən ermənilər tərəfindən qətlə yeti­rilmiş, meyidi bulağın qaşısındakı ağacdan asılmışdı. Heyvanları isə aparmışdılar. Al­murad kişi oğlunun qatilinin kimliyini öy­rənəndən sonra xəbər göndərmişdi: mən bu qisası sizdən üzbəüz atışmada alacağam. 

Və günlərin bir günü quşu gözündən vuran Almurad kişi silaha sarılaraq həmin erməninin həyətinə girmiş, onun üç oğlunu və özünü o dünyaya göndərmişdi. Amma cavan oğlunu itirən Nurxanım arvad ha­valanmışdı və hər gün kənddə qapıları döyərək hər kəsdən oğlunu görüb-görmə­diklərini soruşmuşdu...

– Ara, gördünmü, dedim heç kim ola bilməz. İndi görəsən Qardaşxan hansı ayı mağarındadı...

Bu sözləri deyən Taygöz Sərkisin oğlu idi. O, bulağınn üstünə çatar-çatmaz gö­dəkcəsini soyunub bulağın kənarındakı daşların üstünə tulladı. Sonra silahı yerə qoydu. Sinəsini açdı. Hiss etmək olurdu ki, içib, kefi kökdür. Geriyə baxmadan ağzını bulağın gözünə dayadı. Qardaşxan beşatılanı qaldırdı. Astaca öz-ozünə dedi: –İç köpəkoğlu, iç, doyunca iç...Mən səni su içəndə vurmayacam. Bu, kişiyə yaraş­maz. Gülləni kürəyinə yox, düz ürəyinə sıxacam... 

Yoldaşları arxadan gələn “uzun”u da aradan götürmüşdülər. Birdən Akop nə hiss etdisə, geriyə dönmək istədi. Ancaq daha gec idi. Qardaşxan beşatılanı ona tuş­lamışdı. Titəyi çəksəydi hər şey bitəcəkdi. Lakin o, atəş açmırdı.

– Tərpənmə! Bulaq suyu ürəyini soyut­dusa, indi mənə deyiləsi sözlərini de. Bəy­lər oğlu Qardaşxan səni eşidir!

Akop tərpənmirdi. Sanki özü boyda kötüyə, daşa dönmüşdü. Çətinliklə nəfəs alırdı. Gözləri isə elə bil indicə yerindən çıxıb Qardaşxana tərəf atılacaqdı. Alnın­dan su süzülürdü. Bu, bulaq suyu deyildi, əcəl təri idi. Özü də hiss edirdi ki, bədəni getdikcə soyuq tərə bələnir. Elə bil dilini yerindən çəkib çıxarmışdılar. Gözləri isə oynayırdı.

Qardaşxan dedi: 

– Unutma ki, sənin kimi murdarla­rın gəzib dolaşdığı, suyunu içib, çörəyini yediyi bu torpaqlar Taygöz Sərkisin oğlu Akopun yox, Bəylər oğlu qaçaq Qardaşxa­nın dədə-baba yurdlarıdı. Yüz il də, min il də keçsə, bizim olacaq. Müvəqqəti üstün­lüyə, rusların köməyinə bel bağlamayın. Sizin kimi nankorlara torpaq öz sinəsində həmişəlik yer verməz. Yaxşısı budur ki, bi­zimlə torpaq davası etməyin. 

İndi isə get, səni öldürmürəm. Ancaq and iç ki, bir də el-obaya əl qatmayacaq­san. Yadında saxla ki, nə qədər ki, qaçaq Qardaşxan var, bu beşatılan səni izləyə­cək... 

Akop yenə heç nə demədi, əlləri ilə al­nının, üzünün tərini sildi və qəfil yaxınlıq­dakı silaha doğru atıldı...

Qardaşxan tətiyi sıxdı. Akop zəhərli ilan kimi qıvrıldı. Sonra xırıldadı. Qar­daşxan bir güllə də boşaltdı. Üçüncü gül­ləyə ehtiyac yox idi. Lakin üçüncü güllə Hüseyn kişinin qoşalüləsindən açıldı.

Hüseyn kişi: 

– Gördün, necə öz ayağı ilə gülləyə gəldi.

Qardaşxan isə Hüseyn kişini tələsdir­di. Gecikmək olmazdı. Bir azdan yəqin ki, güllə səsinə milis dəstələri tökülüb gələ­cəkdilər. 

İrəmələrin başında ov gözləyən quz­ğunlar isə Akopun cəsədini didib-parçala­maq üçün hay-küy qoparacaqdılar...

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Sosial həyat