Azərbaycan komandası Paris Yay Paralimpiya Oyunlarında əzmkar mübarizəsini davam etdirir.
Sentyabrın 4-də millimizin 6 idmançısı mübarizə aparıb. Mötəbər turnirdə Azərbaycan paraüzgüçüsü Raman Salei 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gücünü sınayıb. Daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında gümüş medal qazanan idmançının çıxışı bu dəfə də uğurlu olub. Finişə 54,21 saniyəyə çatan təmsilçimiz finala vəsiqə qazanıb. Həlledici mərhələdə təmsilçimiz 53.65 saniyəlik nəticə ilə bürünc medal qazanıb.
Parakamandan oxatmada isə kişilərin fərdi yarışında Cahan Musayev 1/16 final mərhələsində mübarizəyə başlayıb. Bu mərhələdə iranlı Məhəmmədrza Əmiri ilə qarşılaşan idmançımız rəqibinə 4:6 hesabı ilə uduzaraq çıxışını başa vurub.
Paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) isə 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayıblar. Onların heç biri finala yüksələ bilməyib. K.Zeynalov 529 xalla 14-cü, A.Babayeva isə 507 xalla 26-cı olub. Qeyd edək ki, buna qədər 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparan Kamran Zeynalov 13-cü, Aybəniz Babayeva isə 14-cü yeri tutmuşdu.
Parapauerliftinq yarışlarında təmsilçimiz Ceyhun Mahmudov (54 kq) çıxış edib. Final mərhələsində çıxış edən təmsilçimiz 10 iştirakçı arasında 8-ci yeri tutub.
Paraatlet Rüfət Rəfiyev (F36 kateqoriyası) isə nüvəitələmə yarışında gücünü sınayıb. Yeddi iştirakçı arasında altıncı yeri tutan Rəfiyev yarışı mükafatsız başa vurub.
Xatırladaq ki, hazırda Azərbaycan komandasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. Qızıl medalları yığmamızın aktivinə İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyasında 100 metr məsafəyə qaçış) yazdırıblar.
Raman Salei (100 metr məsafəyə arxası üstə üzmə) gümüş və (100 metr məsafəyə sərbəst üsulla üzmə) bürünc, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Leyla QURBANOVA
XQ