Hərbi attaşelər Səngəçal terminalında

post-img

Ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər bu gün mühüm strateji obyekt olan Səngəçal terminalında olublar. 

Terminalla tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başlayıb. Bil­dirilib ki, mərkəzin istifadəyə verilməsi Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salın­ması ilə bağlı keçirilən təntənəli mərasim vaxtı baş verib. Prezident İlham Əliyev və Böyük Britaniya Kral ailəsinin üzvü Şah­zadə Endryü qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzinin rəsmi açılışını elan edib­lər və tədbirdə iştirak edən ali qonaqlar açı­lış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qo­yublar. Bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

BP şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qonaqlara şirkə­tinin regionda fəaliyyəti barədə təqdimat edib. Bildirilib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda – Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qar­daşlarının “Zərdüşt” (“Zoroastr”) gəmisi dünyada ilk neft tankeri, 1897–1907-ci il­lərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən böyük neft kəməri (833 km) olub.

Azərbaycan həm də dünyada ilk dəfə olaraq 1949-cu ildə Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu, Ginnesin Rekordlar Kita­bına ilk dəniz neft platforması kimi düşüb.

Sonra qonaqlar avtobusla Səngəçal ter­minalının əməliyyatlar sahəsinə gedərək bu infrastrukturla, oradakı texnoloji qurğularla tanış olublar.  

Son xəbərlər