Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Belarus xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb.
K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan İqor Nazaruk səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
XQ