Yasamalda seçki fəallığı

post-img

Azərbaycanın Milli Qəhrəmanı Şəhid Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə yerləşən 15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 24, 25 və 26 saylı seçki məntəqələrində oldum. Əvvəlcə 24 saylı seçki məntəqəsinə yaxınlaşdım. Məntəqənin sədri Pərvanə Əliyeva bildirdi ki, 1261 nəfərə bildiriş paylanılıb. Saat 10-a kimi 60 nəfər seçici səs verib. Ən yaşlı seçicimizin - Həcər Səfərovanın 99 yaşı var. Beynəlxalq müşahidəçilər səhər erkən saatlarından başlayaraq seçki məntəqəmizə daxil oldular. Seçicilərə yaradılmış şəraitlə tanış oldular. Seçicilərin tam siyahısı hər bir məntəqədə olduğu kimi bizim məntəqədə də tərtib olunaraq lövhəyə vurulmuşdur. Hələlik seçicilər öz seçimlərini etməkdədirlər. Məlumat üçün bildirim ki, müşahidəçi qismində Yeni Azərbaycan Partiyasından 6 nəfər iştirak edir. Millət vəkilliyinə namizədlər - Ülvi Quliyevi 2 nəfər, Yusif Seyfəlovu 2 nəfər, Vüqar Ələkbərovu 2 nəfər təmsil edir. 6 nəfər isə öz təşəbbüsü ilə müstəqil olaraq seçkilərə nəzarət edir. 

Səsverməyə gələn bir neçə seçiciyə yaxınlaşıb özlərini təqdim etmələrini xahiş etdim.

Gülnar Mehdiyeva, təqaüdçü müəllimə: - Mən 70 yaşımı haqlamışam. Builki seçkilər ona görə əlamətdardır ki, Azərbaycan 30 ilə yaxın işğalda olan torpaqlarını xilas edib. Vaxtilə dərs dediyim şagirdlərimin bir neçəsi 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Mən anayam, həm də nənəyəm. İstəyirəm ki, bu parlamentdə qələbəmizə layiq namizədlər təmsil olunsun. Şəhidlərimiz tarix yazdılar. Parlamentdən gözləntim odur ki, səs çoxluğu qazanan namizədlər seçicilərini layiqincə təmsil etsinlər.

Nurəddin Mehdiyev, təqaüdçü: - Mən ömür-gün yoldaşımla səsverməyə birgə gəlmişəm. Bəli, biz qalib dövlətin parlamentində ən layiqli vətəndaşlarımızın təmsil olunmasını istəyirik. 

Rövşən Əliyev, BDU-nun müəllimi: - Bugünki parlament seçkisinə böyük ruh yüksəkliyi ilə gəlmişəm. İnandığım və tanıdığım namizədə səs verdim. İstəyirəm ki, parlamentdə ziyalılar çoxluq təşkil etsin. 

Telman Əliyev, magistr tələbəsi: - 22 yaşım var. Seçkiyə atamla birgə gəlmişəm. Güvəndiyimiz namizədə səs verdik. İlk dəfədir ki, parlament seçkiləri Azərbaycanın bütöv ərazisində keçirilir. Mən yaşda olan yüzlərlə oğulun qəhrəmanlığı sayəsində torpaqlarımız erməni işğalçılarından azad oldu. Ona görə də, atam kimi mən də növbədənkənar parlament seçkilərindən böyük uğurlar gözləyirik. 

İlhamə Əliyeva, evdar qadın: - Mən ailəmin bütün qayğılarını hər zaman ana, qadın olaraq hiss etmişəm. Parlamentdən gözləntim odur ki, anaların, qadınların, uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması üçün qanunlar işləyib hazırlasınlar. Çünki, qadın xoşbəxt olarsa cəmiyyət üçün layiqli ailə, övlad formalaşdırar. 

Sonra, 25 saylı seçki məntəqəsinə yaxınlaşdım. Məntəqənin sədri Kəmalə İsgəndərova məlumat verdi ki, 1280 seciciyə bildiriş paylamışıq. Ən yaşlı seçicimizin 82 yaşı var. Gördüyünüz kimi vətəndaşların rahat, demokratik şəraitdə səs verməsi üçün zəruri olan bütün işlər görülmüşdür. Saat 12-dir. 100-ə yaxın seçici səs verib. Səsvermədə iştirak edənlərə yaxınlaşıb onların fikirlərini öyrəndim.

Çimnaz Bayramova, təqaüdçü: - Mən uzun illərdir Yasamal ərazisində yaşayıram. Bacım Bəsti Bayramova ilə səsverməyə gəlmişik. Hər zaman arzum olub ki, yaşadığım ərazi abadlaşsın. Xüsusilə, yaşıllıqların salınması bir sakin kimi mənim ürəyimcədir. Bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” keçirilir. Bir seçici kimi səsimizə səs verən, yaşıl dünyamıza rəng qatan inandığım namizədə səs verdim. 

Murtuzayeva Nailə, müəllimə: - Seçicinin istəyi nədir? Bu suala cavab verən bütün insanların yəqin ki, bir fikri olar. Onun seçdiyi namizəd təmsil etdiyi dairədə vətəndaşlarla tez-tez görüşsün, onların problemləri ilə maraqlansın. Bu arzu ilə seçki məntəqəsinə gəlmişəm. 

Məntəqəyə gələn seçicilərdən Tahir Əhmədov, Ruslan Nəsirov, Əlisahib Əsgərov da bizimlə söhbətdə öz arzu və istəklərini bildirərək, seçdikləri namizədin onların etimadını doğrultmasını başlıca fikir kimi səsləndirdilər. Onu da qeyd etdilər ki, yeni parlamentdən bir vətəndaş kimi gözləntiləri çoxdur. Çünki, parlamentin tərkibində təmsil olunan millət vəkili xalqın səsidir. 

Daha sonra 26 saylı məntəqənin sədri Aybəniz Qasımova ilə söhbət edirəm. Müsahibim bildirir ki, 26 saylı məntəqədə 1262 seçiciyə bildiriş paylanılmışdır. Səhər saatlarından insanlar seçki məntəqəsinə öz namizədinə səs verməyə gəlirlər.  Müşahidəçilər və nəzarətçilər üçün seçki şəffaflığı diqqət mərkəzindədir. Beynəlxalq müşahidəçilər seçkinin gedişini izləyirlər. Seçkilər Azərbaycanı dünyanın siyasi və mədəni mərkəzlərindən biri kimi bütün bəşəriyyətə təzahür etdirir. Xarici qonaqlar, müşahidəçilər Azərbaycan xalqının seçki mədəniyyətinin iştirakçısı olmaqla onun yetkinliyini, yeni parlamentə inamını bir daha real olaraq görürlər. 

Səsverənlərə yaxınlaşdım. 70 yaşlı Məlahət Mədətova bildirdi ki, övladları, nəvələri ilə birgə inandıqları namizədə səs verəcəklər. Yeni parlamentdə xalqımız üçün vacib qanunların qəbul olunmasını gözləyirik. 

Sonra bir ailənin üzvləri ilə tanış olduq. Onlar ailəliklə səsvermədə iştirak edirdilər. Cavanşir Qurbanov, oğulları Mircəlal və Samir Qurbanovlar, ailənin digər üzvü Zərqələm Qurbanova seçki məntəqəsinə ruh yüksəkliyi, inamla gəldiklərini bildirdilər. İnandıqları namizədə səs verməklə yeni parlamentə uğurlar arzuladılar. Qurbanovlar ailəsi bizimlə söhbət zamanı öz arzularını ifadə edərək dedilər ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında öz borcunu, məsuliyyətini dərk etməlidir. Xüsusilə, növbədənkənar parlament seçkilərində xalqın etimadını qazanan namizədlər seçicilərin inamını, səsini doğrultmalıdırlar. Bizim yeni parlamentdən istəyimiz budur!

P.S: Milli Qəhrəman, Şəhid Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Məktəbdə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün zəruri tədbirlər görüldüyünün şahidi oldum. Əlbəttə ki, bütün bunlar Azərbaycanın bu günü, sabahı naminə işıqlı əməllərin həyata keçirilməsinə vətəndaş inamından irəli gəlir. 

Kəmalə ABDİNOVA

XQ 















Son xəbərlər