Qarabağ müharibəsi şəhidlərinin yaxınları və doğmalarından ibarət bir qrup sentyabrın 2-də Ankarada Türkiyə Müharibə Əlilləri və Şəhidləri Cəmiyyətini ziyarət edib. Burada iki qardaş ölkənin şəhid olmuş qəhrəmanlarının ailələri arasında əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, “Qardaş ailə” proqramı çərçivəsində Türkiyə paytaxtına gələn şəhidlərin ailə üzvlərini “YAŞAT” Fondunun, “Türkiyə və Azərbaycan Sahibkarları və Sənayeçiləri” İctimai Birliyinin (TUİB) nümayəndələri müşayiət ediblər.
“YAŞAT” Fondunun sədri, Qarabağ müharibəsi veteranı Elvin Hüseynov rəhbərlik etdiyi qurumun Türkiyə Müharibə Əlilləri, Qaziləri və Şəhidləri Cəmiyyəti ilə əməkdaşlığa hazır olduğunu bildirib, Azərbaycanda şəhid ailələrinə dəstək proqramlarından danışıb.
O, şəhid ailələri üzvlərinin qarşılıqlı səfər proqramlarından bəhs edib, iki ölkə arasında bu istiqamətdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Müharibə Əlilləri, Qaziləri və Şəhidləri Cəmiyyətinin rəhbəri Mustafa Işık qonaqları salamlayaraq, Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Işık qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki qələbədən az sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfər edib.
O əlavə edib: “Mənim səfərim Xankəndinin hələ də separatçıların nəzarətində olduğu vaxta təsadüf edirdi. Bu səfər çərçivəsində noyabrın 10-da Şuşada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad etdik. Mən o vaxt Xankəndini ziyarət etməyi çox istəyirdim. Xoşbəxtəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu taleyüklü vəzifəni həyata keçirdi”. Işık Azərbaycanda tarixi ədalətin bərpa olunmasından sevinc və qürur duyduğunu bildirib.
Mustafa Işık AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, rəhbərlik etdiyi cəmiyyət 1915-ci ildə Ənvər Paşanın tapşırığı ilə yaradılıb və bu gün Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən akkreditə olunmuş qazi və şəhid ailələrinə dəstək verən rəsmi strukturdur: “Türkiyədə Cəmiyyətin 53 filialı və 45 nümayəndəliyi var. Məqsədimiz təkcə şəhid ailələrinə, qazilərə dəstək olmaq deyil, həm də lazım gələrsə, onların vəziyyətinin yaxşılaşdırılması üçün qanun layihələrinin hazırlanması təşəbbüslərini irəli sürməkdir”.
Onun sözlərinə görə, Türkiyə Müharibə Əlilləri, Qaziləri və Şəhidləri Cəmiyyəti Azərbaycandan olan şəhid ailələri ilə əlaqələrin gücləndirilməsi üçün əlindən gələni edir. “Bir neçə ay əvvəl Türkiyədən olan daha bir qrup şəhid ailəsi Azərbaycanda idi. Onlar Şuşada və Azərbaycanın işğaldan azad edilmiş digər rayonlarında olublar. Bu cür səfərlər ölkələrimizin daha da yaxınlaşması üçün çox vacibdir”, - deyə Işık vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara