Xarici işlər nazirlərinin Ankara görüşü

post-img

Avqustun 27-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siya­si, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, huma­nitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini mü­zakirə ediblər.

Azərbaycan və Türkiyə arasında qar­daşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dia­loqun, qarşılıqlı səfər və təmasların əhə­miyyəti vurğulanıb. Müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məm­nunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə liderlərinin ide­ya müəllifləri olduğu Türkiyə–Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həya­ta keçirilməsi, yüksək balla tələbələrin qə­bulu məmnunluqla qeyd edilib. 

İkitərəfli əməkdaşlığımızın BMT, İs­lam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çat­dırılıb. Ölkəmizin, xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bunun­la yanaşı, üçtərəfli və dördtərəfli formatlar­da əməkdaşlığın regional sabitlik və təh­lükəsizliyə ciddi töhfələr verdiyi bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyəti­mizdən ətraflı bəhs edib.

Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlü­yünə davam edən iddiaların, habelə Ermə­nistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr olduğu diqqətə çat­dırılıb.

44 günlük Vətən müharibəsində Tür­kiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəklə yanaşı, Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində fəal iştirakın yüksək qiy­mətləndirildiyi qeyd olunub.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər